Yaxın vaxtlarda işıq və qaz pulunun artması gözlənilmir.
Unikal.org bildirir ki, bu haqda anspress-ə Tarif Şurasından deyiblər.
"Elektrik enerjisi və qaz tarifləri ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb və hazırda bununla bağlı müzakirələr aparılmır", - deyə qurumdan bildirdilər.
May ayının əvvəllərində su pulunun artırılması ilə əlaqədar insanlar arasında digər kommunal xərclərdə də artma ehtimalına dair suallar yaranıb.
Azərbaycan Respublikası Tarif Şurasının mayın 13-də keçirdiyi növbəti iclasda su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
"Azərsu" ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl - 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kubmetr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kubmetr üçün 8 manat müəyyən edilib.
Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.