İnsan alverinin gizlinləri
13:02 14-09-2012
İQTİSADİYYAT
İnsan alverinin gizlinləri
Yeni çıxış yolları tapılır
Son zamanlar dünyada insan alverinin tüğyan etməsi ciddi problemə çevrilməkdədir. Aparılan araşdırmalara görə son illər insan alveri bir neçə səbəbdən inkişaf edir və əsas inkişaf xətləri bunlardır.
1. İnkişaf etməmiş ölkələrdə insanların çıxılmaz duruma düşməsi. Bura əsasən Şərqi Asiya və Afrika ölkələrinin sakinləri aiddir
2. Keçmiş sovetlər birliyindən olan dövlətlərin sakinləri.
Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda insan alveri problemi ilk dəfə 1992-ci ildə geniş şəkildə yayılmağa başladı. Əsasən qadınlar Türkiyə, İran kimi ölkələrə daşınmağa başladı. Ekspertlər bildirir ki, öncələr Türkiyədə insan alverinin əsas hədəfi Yunanıstan idisə sovetlərin dağılmasından sonra sovet ölkələri , o cümələdən Azərbaycan hədəf oldu. Əsasən Türkiyəyə, daha sonra Şərqi Avropa və Avropa ölkələrinə insan daşımaları başladı. Artıq 1995-ci ildə aydın oldu ki, Almaniya azərbaycanlı qadınların ən çox istismar olunduğu ölkəyə çevrilib. Buna görə hətta bu illərə qədər Almaniyaya vizanın alınması mürəkkəbləşdirildi. Amma ikinci bir marşurutda ortaya çıxdı. Bu isə İran-Səüdiyyə Ərəbistanı xətti idi. Hətta məsələ o həddə çatdı ki, ABŞ Dövlət Departamenti bununla bağlı xüsusi hesabatlar hazırladı və məsələnin həlli yolları araşdırıldı. Bunu da qeyd edək ki, Azərbaycan hakimiyyəti də məsələnin həlli üçün çox ciddi addımlar atdı. Bu addımlara keçmədən öncə gəlin hesabatdan irəli gələn əsas məsələlərə baxaq. Aydın olur ki,
Rəsmi təsdiq və xətlər
Azərbaycan insan alverinin tranzit ölkəsi olduğu kimi, həm də kişi, qadın və uşaqların cinsi istismarı, onların məcburi əməyə cəlb edilmələri üçün mənbədir. Qadınlar Azərbaycandan daha çox Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılır. Bundan başqa, həm qadınları, həm də kişiləri seksual istismar üçün və məcburi işçi qüvvəsi kimi İran, Pakistan və Hindistana da göndərirlər. Başqa bir acınacaqlı fakt isə uşaqlarla bağlıdır - hesabatda göstərilir ki, Azərbaycandan onları seksual istismar məqsədilə Türkiyəyə, işçi qüvvəsi kimi isə Rusiyaya göndərirlər.
Təbii ki, istər ölkədaxili, istərsə də beynəlxalq qanunvericilikdə insan alveri cinayət əməli kimi qiymətləndirilir və qadağan edilir. Amma SSRİ dağılandan sonra müstəqillik qazanmış ölkələr, o cümlədən Azərbaycan beynəlxalq miqrasiya ilə bağlı qanunların olmaması səbəbindən bu sahədə müəyyən problemlərlə üzləşdi. Necə deyərlər, yeni zaman yeni qanunlar tələb edirdi.
Azərbaycandan
ciddi addımlar
BMT-də 2000-ci il dekabrın 12-də imzalanmış "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyası, onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması" Protokolu və 20 sentyabr 2002-ci ildə qəbul edilmiş "İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında" Brüssel Bəyannaməsi 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edildi. Prezidentin 6 may 2004-cü il tarixli sərəncamı ilə bu sənədlərdəki müddəalar əsasında hazırlanan "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" təsdiqləndi.
Daxili işlər nazirinin 19.05.2004-cü il tarixli əmri ilə Daxili İşlər Nazirliyində İnsan Alverinə qarşı Mübarizə İdarəsi və bu planın həyata keçirilməsinə nəzarət üçün milli koordinator postu yaradıldı, bu vəzifəyə daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov təyin edildi.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də cinayətkarlığın bu növü ilə mübarizəni nizamlayan müvafiq maddələr, cinayətin potensial subyektləri hesab edilən uşaq və qadınların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş bir sıra normativ-hüquqi aktlar var. Məsələn, Cinayət Məcəlləsinin bu maddələri insan alveri cinayətlərinə qarşıdır: 106 (köləlik), 108 (cinsi zorakılıq), 137 (insan orqanlarının və ya toxumalarının alqı-satqısı), 144-1 (insan alveri), 144-2 (məcburi əmək), 151 (seksual hərəkətlərə məcbur etmə), 171 (yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə), 172 (özgənin uşağını dəyişdirmə), 174 (qanunsuz olaraq övladlığa götürmə), 243 (fahişəliyə cəlb etmə), 244 (əxlaqsızlıq yuvaları saxlama), 316-1 (insan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma).
Dəhşətli faktlar
Statistikaya görə, 2005-ci ildə Azərbaycanda insan alveri ilə bağlı 160 cinayət hadisəsi qeydə alınıb, bununla bağlı 153 nəfər cinayət məsuliyyətinə cəlb olunub, insan alveri cinayətlərinin qurbanı olmuş 58 nəfər müəyyən edilib.
2006-cı ildə 211 belə hadisə aşkarlanıb, 4 mütəşəkkil dəstə və 23 cinayətkar qrup ifşa edilib, 192 cinayət işinin istintaqı aparılıb, 207 şəxs məsuliyyətə cəlb olunub, insan alverinin qurbanı olmuş 86 nəfər müəyyən edilib. Nazirlər Kabinetinin 17 iyun 2006-cı il tarixli qərarı ilə onlardan 27-nə şərti maliyyə vahidinin 30 misli məbləğində müavinət ödənib.
2007-ci ildə insan alveri ilə bağlı 283 hadisə, 33 cinayətkar qrup aşkar edilib, 231 cinayət işinin istintaqı aparılıb, 300 şəxs məsuliyyətə cəlb olunub, habelə insan alverinin qurbanı olmuş 101 nəfər müəyyən edilib.
2008-ci ildə 390 hadisə qeydə alınıb, 348 şəxs cinayət məsuliyyətinə cəlb edilib, insan alverinin qurbanı olmuş 78 nəfər müəyyən edilib. Daxili İşlər Nazirliyinin nəzdindəki sığınacağa yerləşdirilmiş 52 nəfərdən 7-si işlə təmin edilib, 3-ü peşə kurslarına göndərilib, 9-na dəymiş maddi ziyanın ödənilməsi haqqında məhkəmə qərarı çıxarılıb.
2009-cu il aprel ayının 23-də Bakıda keçirilən İslam Konfransı Təşkilatı (İKT) ölkələri hüquq mühafizə orqanları rəhbərlərinin konfransında daxili işlər naziri Ramil Usubov 2009-cu ildə insan alveri ilə bağlı aşkarlanan cinayətlərin 2004-cü illə müqayisədə 5 dəfə çox olduğunu bildirib.
Mehriban Zeynalovanın son açıqlamaları
"Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, Azərbaycanda insan alverinə qarşı mübarizə planı qəbul ediləndə bu sahədə təcrübə yox idi: "İctimaiyyət yetərincə məlumatlı deyildi, insan alveri qurbanlarının çoxu hesab edirdi ki, başlarına gələnlərdə özləri günahkardırlar və buna görə cinayət məsuliyyətinə cəlb ediləcəklər. Lakin bu gün cəmiyyətdə tamamilə fərqli tendensiyalar mövcuddur. Dövlət strukturları və QHT-lər geniş təbliğat işləri aparırlar. İlk dövrlərdə nazirliklər bunun əhəmiyyətini anlamırdılar və yetərincə aktiv deyildilər, amma indi vəziyyət dəyişib və prosesə təkcə Daxili İşlər Nazirliyi deyil, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri aktiv qoşulmağa başlayıb. Onların nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb".
M.Zeynalova bu sahədə ardıcıl tədqiqat apardıqlarını və insan alveri qurbanlarının daha çox ailədaxili zorakılığın nəticəsi olaraq artdığını deyir: "Beynəlxalq ictimaiyyətdə belə hesab edirlər ki, insan alverinin miqyasca böyüməsinin əsas səbəbi ayrı-ayrı məmurların və mafioz qrupların himayəsidir. Amma Azərbaycanda belə mafioz qruplar yoxdur. Eyni zamanda, hər hansı dövlət məmurunun bu cür qanunsuzluğa baş qoşması da inandırıcı deyil. Ola bilər ki, hansısa məmur bilmədən kiməsə yardım etsin, amma bunun gəlir götürmək məqsədilə olunduğuna rast gəlməmişəm. Bu sahədə uzun müddət çalışan, qurbanlarla sırf təmasda olan bir adam kimi belə faktların olmadığını deyə bilərəm. Daxili İşlər Nazirliyində analitik mərkəz var, orda bütün bu prosesləri izləyir və səbəbləri müəyyənləşdirirlər".
Qanunda boşluq
"Unikal" qəzeti olaraq apardığımız aradşırmalar isə daha maraqlı faktları ortaya çıxartdı. Bunlar nədir? Aydın olur ki, son zamanlar hakimiyyət səviyyəsində aparılan mübarizə nəticəsində xarici ölkələrlə insan alveri etmək çətin olduğu üçün yeni yol tapılıb. Bunun üçün nələr edilir?Məlum olub ki, insan alveri ilə, xüsusən də qadın alveri ilə məşğul olan qruplar, daha rahat yol tapıblar. Artıq hansısa ölkəyə qadın daşımaq əvəzinə Bakı və digər rayonlarda əxlaqsızlıq yuvaları təşkil edilir və sistemli və mərkəzləşdirilmiş şəkildə qadınların satışı təşkil edilir. Bu məqsədlə xüsusi oteller tikilir və ya barlar yaradılır. Ən maraqlısı isə budur ki, hüquq-mühafizə orqanları bu ocaqları aşkarlayanda həmin şəxsləri qadın alveri maddəsi ilə ittiham etmək sadəcə mümkün deyil. Çünki Azərbaycan qanunvericiliyinə görə insan alveri olaraq məsələ o zaman gündəmə gətirilə bilinər ki, qurbanlıqlar mütləq ölkə sərhəddindən kənara çıxarılsın. Bunlar isə ölkədən kənara çıxarılmadan, elə ölkə daxilindəcə istismar edilir. Bunu da qeyd edək ki, Azərbaycan Avropa Şurasının "İnsan Alverinə Qarşı Mübarizə Konvensiyasına" qoşulub və burda insan alveri ilə bağlı mübarizə daha konkret şəkildə öz əksini tapıb. Buna görə də ekspertlər hesab edir ki, məsələnin daha ciddi şəkildə həll olunması üçün mütləq və mütləq ölkə qanunvericiliyində dəyişiklik edilməlidir. Məsələ ilə bağlı araşdırmalarımız davam edəcək.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55