"Təkcə istehsal ilə kifayətlənmək olmaz. İstehsal olunmuş məhsulu bazarlara çıxarmaq və azad rəqabət mühiti yaratmaq lazımdır. Bu gün monopoliyanın aradan qaldırması ilə bağlı söhbətlər gedir, mən deyərdim ki, bu çox çətin və həm də çox vacib məsələdir. Monopoliyanı aradan qaldırmaq üçün sərbəst, müstəqil rəqabət mühiti yaratmaq lazımdır".
Unikal.org xəbər verir ki, bunu millət vəkili Eldar Quliyev Modern.az-a müsahibəsində deyib. O, bildirib ki, bazarlarda yer almağa sahibkarlara maneçiliklər törədilir: "Mən hesab edirəm ki, Bakıda bir tək Təzə bazarı saxlamaq şərtilə digər bazarlar ləğv edilməlidir. Təzə bazarı da yenidən qurmaq lazımdır. Bilirsiniz ki, bu gün iqtisadi yükləşimiz çox yaxşı olduğunua görə Azərbaycana kifayət qədər qonaqlar gəlib-gedir. Biz onları daha yaxşı yerlərə apara bilərik. Biz tariximizi qorumaq şərtilə bu bazarı yenidən tikməliyik. Dünyada da bu belədir, 3-4 mərtəbəli marketlər tikilir, onun 1-ci mərtəbəsi kənd təsərrüfatı məhsullarının satışı üçün ayrılır. Şəraiti yüksək səviyyədə etməklə, gigiyenik qaydalara əməl etməklə bu cür yüksək səviyyəli yerlər yaratmaq olar. Və biz bununla həmin insanlara məhsulunu satmaq üçün şərait yaratmış olarıq. Burada mütləq tədarükçülərə böyük ehtiyac var. Əgər kənd təsərrüfatı məhsulunu istehsal edən adamın vaxtı yoxdursa, imkanı yoxdursa, kənddən şəhərə gəlsin, o insanın mütləq tədarükçüləri olmalıdır".