"İnşaatçılar" stansiyasının II vestibülü açılır.
 
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, iyun ayının 1-də saat 06:00-dan etibarən "İnşaatçılar" stansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə veriləcək.

2016-cı il yanvar ayının 18-dən burada 30 illik istismar müddətini başa vurmuş "ET-5" tipli üç eskalatorun sökülməsinə və onların müasir analoqları ilə əvəzlənməsinə başlanılmışdı. Stansiyada sökülmüş avadanlığın əvəzinə, Almaniyanın "Thyssen Krupp" şirkətinin "Tugela FT 945" tipli iki eskalatoru quraşdırılıb. Stansiya platformasına enən sərnişinlər isə yeni inşa olunmuş daş pilləkəndən istifadə edəcəklər.

Eskalatorlar təhlükəsizlik və sərnişin rahatlığı tələblərinə uyğun olaraq, növbə ilə yalnız qalxmaya işlədiləcəklər. Onlar müasir standartlara uyğun olaraq, 0,65 m/saniyə sürətlə hərəkət etməklə, ən müasir idarəetmə sistemləri ilə təchiz olunublar.

Yeni eskalatorların quraşdırıldığı müddətdə sərnişinlərin giriş-çıxışı üçün bağlı olan ikinci vestibülün mərmər-qranit örtüyü dəyişdirilib, xidməti otaqlarda müvafiq təmir işləri yerinə yetirilib.