"Azərenerji ASC-də yenidənqurma tədbirləri görülür.
ASC-dən Unikal.org-a bildirilib ki, "Azərenerjinin balans mənsubiyyətinə aid olan enerji təsərrüfatında, istehsal müəssisələrində və ötürmə infrastrukturunda "Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planına uyğun olaraq təftiş aparılıb.
Elektrik stansiyalarına, elektrik verilişi xətlərinə, yarımstansiyalara baxış keçirilib və texniki göstəricilər yoxlanılıb. Aşkar edilən nöqsan və nasazlıqların aradan qaldırılması istiqamətində genişmiqyaslı işlərə start verilib.
İlkin mərhələdə ölkə enerji sisteminin, eləcə də Cənubi Qafqazın ən böyük enerji müəssisəsi, qoyuluş gücü 2400 meqavat olan "Azərbaycan istilik elektrik stansiyasının (İES) yenidən qurulması prosesinə start verilib. Əsas məsələlərdən biri burada ən müasir texnologiyalar tətbiq etməklə qoyuluş gücünün bərpa edilməsinə nail olmaqdır.
Bundan başqa, "Şimal-1, "Səngəçal və "Cənub elektrik stansiyalarında təxirəsalınmaz tədbirlər görülür ki, bu da stansiyaların faydalı iş əmsalının artırılaraq qoyuluş gücünə çatdırılması məqsədini daşıyır.
Həmçinin modul elektrik stansiyalar üzrə təftiş aparılıb. "Bakı, "Şahdağ, "Astara, "Şəki və "Xaçmaz elektrik stansiyalarının aqreqatlarının əsaslı təmiri və gücləndirilməsi üçün texniki işlər görülür.
Gələcəkdə sistem təşkil edən bütün stansiyaların, yarımstansiyaların və xətlərin texniki göstəricilərinə uyğun vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görüləcək.
Mərhələli şəkildə aparılması müəyyənləşdirilən tədbirlər ölkə enerji sisteminin stabil, təhlükəsiz və dayanıqlı iş rejimində fəaliyyət göstərməsi üçün həyati vacib əhəmiyyət kəsb edir.