Dünyada milyonlarla insanın aclıq çəkdiyi, başlarının üstündə damı
olmadığı bir vaxtda dünyada ən zəngin neft ölkəsinin də öz problemi var.
Belə ki, Norveçin Qlobal Pensiya Fondunda (GPFG) neftin satışından əldə
edilən gəlirlər hesabına 1 trilyon dollardan çox pul yığılıb və indi
həm fondda, həm hökumətdə bu sualın üstündə baş sındırırlar: pulları
hara yatırmalı, nəyə xərcləməli?
Unikal.org bildirir ki, GPFG 1998-ci
ildə Norveçin neftdən əldə etdiyi gəlirlərin gələcək nəsillər üçün
yığılıb qorunması üçün yaradılıb. Artıq 20 ildir ki, Norveç hakimiyyəti
neftdən gələn pulları həmin fondda cəmləyir. "Neft günlərin birində
tükənəcək, amma fondun gəlirləri Norveç əhalisinə fayda gətirməkdə davam
edəcək-Fondun saytında belə deyilir.
Hazırda
GPFG dünyada ən nəhəng suveren fonddur. Norveçin əhalisinin sayı cəmi
5.26 milyon nəfərdir, yəni fondda yığılan pulları adambaşı bölsələr hər
norveçliyə 200 min dollar düşərdi. Fondun işi tam şəffaflıq üzərində
qurulub və istənilən vətəndaş online rejimdə onun fəaliyyətinə dair
bütün statistikanı, dinamikanı izləyə bilər.
Ölkə
bu cür etibarlı təhlükəsizlik yastığını savadlı iqtisadi, investisiya
və şaxələndirmə siyasəti sayəsində formalaşdırıb. Fonda ümumiyyətlə,
neftdən əldə edilən gəlirlərin hamısı daxil olur, büdcə xərcləri üçün
isə fondun cəmi aktivlərinin ən çoxu 3 faizi həcmində vəsait yönəldilə
bilər. Hökumət neft pullarını xarici şirkətlərə, inkişaf etməkdə olan
biznesə, səhmlərə və daşınmaz əmlaka yönəldir.
Hazırda
GPFG-nin investisiya strategiyası aşağıdakı şəkildə formalaşıb:
səhmlərə fondun vəsaitlərinin 67.6 faizi, qiymətli kağızlara 29.7 faizi
yatırılıb. Daşınmaz əmlaka isə cəmi 2.7 faiz pul qoyulub. Fondun payına
ən çox Apple, Amazon, microsfot Alphabet kimi qlobal şirkətlərin
səhmləri daxildir. Habelə fond ABŞ, Yaponiya və Almaniyanın qiymətli
kağızlarını alıb. 2018-ci ilin əvvəllərində elan edilib ki, fond
qeyri-publik şirkətlərə də yatırım qoya bilər. Norveç Maliyyə
Nazirliyində hesab edirlər ki, bununla nəinki fondun gəlirlərini
artırmaq, eləcə də mümkün riskləri şaxələndirmək olar. Hazırda dünya
iqtisadiyyatında tendensiyalar elədir ki, səhmlərini birjaya çıxaran
şirkətlərin sayı getdikcə azalır. Məsələn, ABŞ-da son ildə səhmləri
birjalarda alınıb-satılan şirkətlərin sayı iki dəfə azalıb.
Lakin
iqtisadçılar fondun investisiya siyasətini aqressiv və yüksək riskli
hesab edirlər. "Özəl şirkətlərin səhmləri investisiyaların Norveç
modelini riskə atır- BI Norwegian Business School Universitetindən
professor Espen Henriksen deyir. O, əvvəllər GPFG-də işləyib.
Professorun fikirləri təəcüblü deiyl, çünki yüksək gəlirlilik həm də
yüksək risk səviyyəsi deməkdir. 2018-ci ilin üç kvartalı ərzində fond 21
milyard dollar gəlir əldə edib-əsasən səhmlərin hesabına. Qiymətli
kağızlar portfeli isə ABŞ-ın dövlət istiqrazlarının ucuzlaşması
nəticəsində ziyana gedib. 2017-ci ildə isə fond səhmlər hesabına 130
milyard dollar qazanmışdı.
Səhmlərə
yatırım qoymağın riskli olduğunu fondun 2008-ci il qlobal maliyyə
böhranı zamanı rekord səviyyədə itkilərə məruz qalması da təsdiq edir.
Həmin vaxt fond nəinki gəlir əldə edə bilməmişdi, üstəlik aktivlərinin
23 faizdən çoxunu itirmişdi. Sonrakı illərdə isə fondun gəlir səviyyəsi
orta hesabla 6 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, Rusiyanın
Milli Rifah Fondunun illik orta gəlir səviyyəsi cəmi 1.3 faizdir.
Yeri
gəlmişkən, orta gəlir göstricilərinin yaxşı olmasına baxmayaraq Norveç
2008-ci ili təkrarlamaq istəmir. Çünki iqtisadçılara görə yeni qlobal
böhran elə də uzaqda deyil.
Yeni qlobal
böhranın yetişməkdə olduğu haqda həm dünyanın maliyyə institutları, həm
müstəqil analitiklər xəbərdarlıq edirlər. Bu günlərdə Dünya Bankı
xəbərdarlıq edib ki, 2019-cu ildən sonra vəziyyət olduqca kritik ola
bilər. "Bank of Americanın analitikləri isə deyiblər ki, dünya tezliklə
yeni dərin iqtisadi böhrana yuvarlanacaq. Hətta Rusiyanın 1998-ci il
defoltunu təkrarlaya biləcəyi haqda danışılır.
Dünya
iqtisadiyyatının gələcəyinə dair bu cür qorxulu proqnozların səsləndiyi
bir vaxtda GPFG-nin menecmenti borc istiqrazlarına yatırım siyasətinə
yenidən baxmağı təklif ediblər. Təklif edilir ki, investisiya
portfelində ancaq dollar, avro və funt sterlinqlə olan suveren
istiqrazlar (10 il müddətinə olanlar) saxlanılsın. Amma bu barədə hələ
qərar verilməyib. Hazırda fondun borc sənədləri 23 valyuta ilə
nominasiya olunub. Norveç hökuməti hətta fondun investisiya
strategiyasını formalaşdırmaq üçün xarici ekspertlər qrupu da
formalaşdırıb. Ekspertlər isə yeri gəlmişdən, fondun rəhbərliyi ilə razı
deyillər. Onlar deyirlər ki, indiki kimi 23 valyutada nominasiya olunan
borc sənədlərinə yatırım qoyulması riskləri minimuma endirir və
investisiya imkanlarını genişləndirir. Çünki dünya praktikasında da
belədir.
Fondun
pullarının səhm bazarına yatırılması məsələsində də fikir ayrılıqları
var. Hökumət üzvləri və iqtisadi müşavirlər iki düşərgəyə bölünüblər.
Bir tərəf hesab edir ki, GPFG ancaq dünyada nüfuzlu və tələbat olan
şirkətlərin səhmlərinə yatırım qoymalıdır. Digərləri isə özəl şirkətlərə
də yatırım qoyulmasına tərəfdardır, hesab edirlər ki, birjalarda
səhmlərin alqı-satqısı böyük risklər daşıyır.
Fond
bütün mümkün investisiya alətlərindən istifadə etsə də maksimum
ehtiyatlı hərəkət edir. Üstəlik Norveç hakimiyyətinin qərarı da aydın
deyil. Məsələn, 2017-ci ildə fond neft və qaz sektoru ilə bağlı
aktivlərini satışa çıxardı. İlk baxışdan sual yarana bilərdi ki, axı bu
cür gəlirli sahəyə yatırılan investisiyanı geri çəkmək nə dərəcədə
düzgündür? Amma fondda hesab etdilər ki, Norveç iqtisadiyyatı onsuz da
neftdən güclü asılıdır. Əgər neft-qaz üzərində qurulmuş iqtisadiyyat
çöksə Qərbi Avropada ən iri neft hasilatçısı olan Norveçə ikiqat ziyan
dəyəcək-h.m neft ixracatçısı kimi, həm investor kimi.
İqtisadiyyatın
neftdən asılılığının azaldılması haqda son illər digər hasilatçı
ölkələr də düşünürlər. Amma Norveçdə nəinki düşünürlər, həm də real iş
görürlər. Və əgər son zamanlar verilən qərarlar özünü doğrultmasa belə
Norveç iqtisadiyyatı özünü yaxşı hiss edir-bura əlavə pulların
yatırılması xeyirdən çox ziyan gətirərdi. Və Norveç təcrübəsi təbii
sərvətlərdən əldə edilən gəlirlərin ən düzgün şəkildə istifadə edilməsi
və gələcək nəsillərə saxlanılması baxımından nümunə olaraq qalır. Norveç
yeganə neft ölkəsidir ki, öz sərvətlərini başqa neft nəhəngləri kimi
axmaq layihələrə səpələyib dağıtmayıb, əksinə, qoruyub saxlayıb və ildən
ilə artırır. (lenta.ru-nun materialı əsasında virtualaz.org)