"Rəsul Quliyev İctimai Palataya, müxalifətə düşmən mövqedə dayanıb"
13:09 14-09-2012
CƏMİYYƏT
"Rəsul Quliyev İctimai Palataya, müxalifətə düşmən mövqedə dayanıb"
Sərdar Cəlaloğlu:
"Rəsul Quliyev nə İsa Qəmbərə, nə də Əli
Kərimliyə rəqib ola bilər"
Müxalifət düşərgəsi Açıq Cəmiyyət Partiyasının lideri, Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin vaxtaşırı səsləndirdiyi təklifləri qulaqardına vurur, onun tənqidlərinə sərt reaksiya verir. Halbuki bir neçə il öncə ölkə siyasətini "Quliyev faktoru" olmadan təsəvvür etmək olmurdu. Eks-spiker aparıcı müxalifət düşərgəsinin vacib fiquru olaraq siyasi müstəvini yönləndirən nüfuzlu siyasətçilərdən biri idi. Bəs indi eks-spikerin bu düşərgəyə "yad" olmasının səbəbləri nədir?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu keçmiş partiyadaşı sabiq spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin "yad"laşmağını şərh edərkən bildirib eks-spiker artıq Azərbyacan cəmiyyətində qəbul edilmir.
ADP sədri eks-spikeri qeyri-obyektiv olmaqda ittiham edib.
"Doğrudur, Rəsul Quliyev bu gün müxalifət düşərgəsində siyasi lider kimi qəbul olunmur. Bu onunla bağlı deyil ki, İctimai Palata, o cümlədən müxalifət partiyaları Rəsul Quliyevdən qorxurlar. Heç kim ondan nə qorxur, nə də çəkinir. Diqqət edin, Rəsul Quliyev bir zamanlar Azərbaycan müxalifətinin aparıcı fiquru idi, onun hər bir sözü, hər bir fikri qəbul olunurdu. İndi nə üçün müxalifət onu qəbul etmir? Rəsul Quliyev indi oturub Amerikada müxalifətin ünvanına olmazın sözünü deyir. Əslində Rəsul Quliyev bu bəyanatları ilə siyasi sferada öz obyektivliyini itirib. Bu gün onun fikirləri kimin üçün maraqlıdır? Gəlin etiraf edək ki, Rəsul Quliyev İctimai Palataya, müxalifətə düşmən mövqedə dayanıb. Belə insanı necə qəbul edə bilərik? Müxalifət liderləri Azərbaycanda çətin şəraitdə siyasi mübarizələrini davam etdirəndə Rəsul Quliyev Amerikadan durub onları tənqid edir. Rəsul Quliyev nə qədər qərəzli mövqedən çıxış edəcək, o vaxta kimi də qəbul olunmayacaq. O özü-özünə qiymət verməyəndən sonra başqası niyə qiymət versin ki?", - deyə S.Cəlaloğlu bildirib.
ADP sədri Rəsul Quliyevin prezident seçkilərində iştirakı ilə bağlı səsləndirdiyi fikirlərin absurd olduğunu və eks-spikerin seçkilərdə müxalifət liderlərinə ciddi rəqib olmadığını bəyan edib.
"Bu gün Rəsul Quliyev seçkilərlə bağlı müxtəlif bəyanatlar verir. Halbuki o, Azərbaycanda indiki durumda İsa Qəmbərə və ya Əli Kərimliyə rəqib ola bilməz".
Açıq Cəmiyyət Partiyası Təşkilat Şöbəsinin müdiri Meydan Babayevin sözlərinə görə, "Əvvəla, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu heç zaman müxalifətin və cəmiyyətin adından çıxış edib hansısa məslə və ya siyasi xadim barədə hökm vermək və yaxud fikir söyləmək səlahiyyətinə malik deyil. Demokratik dəyərlər uğurunda mübarizə aparanlar demokratik dəyərləri tapdalaya-tapdalaya gedirlər. Onlardan biri də Sərdar Cəlaloğludur".
Meydan Babayevin sözlərinə görə, "Hazırda Azərbaycan müxalifəti, əsasən, iki güc mərkəzində təmərküzləşib: İctimai Palata və siyasi partiyaların Məşvərət Məclisi. Ictimai Palatanın özəyində cəmi iki partiya durub: Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları. Bizim partiyanın da təmsil edildiyi Məşvərət Məclisində isə on dörd müxalifət qurum cəmlənib. Mənə elə gəlir ki, təkcə bu faktın özü Azərbaycan müxalifətindəki qüvvələr nisbətini və liderlərin çəkisini dolayısı ilə mükəmməl şəkildə büruzə verir. Onu da qeyd etməliyəm ki, siyasi mübarizədə artıq liderlərin çəkisindən danışılmağa başlanırsa, deməli, ortalıqda din davası deyil, dən davası gedir. Bu tipli düşüncə tərzi bizlərə yaddır".
Partiya funksionerinin sözlərinə görə, "Partiya qərargahlarına qapılıb nəzəri kəhkəşanlar qurmaqdansa cəmiyyətin içinə gedib kütlənin, xalqın əhvali-ruhiyyəsini, siyasi liderlərə münasibətini duyub öyrənib sonra siyasi ekspertlik etmək lazımdır. Sərdar bəy Azərbaycanın bölgələrini dolaşıb əhalinin güzəranı və düşüncə tərzi, siyas iderlərə yanaşma qaydasını dərindən öyrənsə, fikrimcə, onun dünyagörüşündə xeyli dəyişikliklər baş verə bilər. Bəyimiz o zaman bilər ki, xalq müxalifətdən hansı siyasi liderə daha yüksək qiymət verir və hansına daha çox ümid bəsləyir".
Meydan bəyin fikrincə, "Məhz liderlərin kumirləşdirlməsi və üz-üzə qoyulması Azərbaycan müxalifətinin ən böyük mərəzlərindən biridir. Bu problem şüurlu şəkildə ortalığa atılanda bilə-bilə cəmiyyətin diqqətini əsas hədəfdən yayındırmağa çalışırlar. Mənə elə gəlir ki, bu missiya Sərdar bəyə yaraşmır. Onu çoxdan tanıdğım üçün hesab edirəm ki. Sərdar bəy daha samballı tərz nümayiş etdirməlidir".
Natiq
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12