Rusiyanın baş naziri Dmitri Medvedevin oğlu İlya gələcək planları barədə danışıb.
Unikal.org anspress-ə istinadən bildirir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirən İlya Rusiyada magistraturaya daxil olmaq qərarına gəlib. O, gələcək taleyini öz doğma vətəni ilə bağlamaq fikrindədir. "Moskovskiy Komsomolets" qəzeti baş nazirin oğlunu ingilis dilindən dövlət imtahanından çıxarkən tapa bilib. 

"Arzum Baykal ətrafını gəzməkdir"

"Hesab edirəm ki, əgər Rusiyada işləyəcəksənsə, hüquq təhsilini başqa ölkədə almağın mənası yoxdur", - deyə İlya qeyd edib. Baş nazirin oğlu avqust ayında magistraturaya imtahan vermək niyyətindədir. 

Mətbuata ilk açıqlamasını verən Medvedevin oğlu bildirib ki, hazırda tədris praktikasını adi hüquq firmasında hüquqşünas köməkçisi qismində keçir. Onun sözlərinə görə, dostları ilə gələcəyə dair xeyli layihələri var: "İndi onları reallaşdırmağa çalışırıq".

İlya öz maraqları haqqında da danışıb. Məlum olub ki, o, futbol və qılıncoynatma ilə maraqlanır. İlya futbol üzrə Moskva dövlət beynəlxalq münasibətlər institutunun yığmasında oynayıb, qılıncoynatma yarışlarında iştirak edib. 

Hüquq sahəsində təhsil almasına baxmayaraq Medvedev dövlət qurumlarında çalışmaq istəmir. "Mənə gənclər üçün maraqlı olan işlərlə məşğul olmaq maraqlıdır. Məsələn, texnologiya sahəsi".

Bundan başqa, nazir oğlu kinolara və sərgilərə getməyi də xoşlayır. Səyahəti də sevən İlya Rusiyanın hər bir məkanında olduğunu deyib. Ən çox isə o, Sankt-Peterburq, Soçi və Kamçatkada olmağa üstünlük verir. İlyanın ən böyük arzularından biri Baykal ətrafını gəzməkdir.

Bundan başqa, İlya Medvedev etiraf edib ki, məzəli şeirlər yazır. Kiçik Medvedevin kino karyerasına davam etməyi istəyib-istəməməsi barədə suala isə cavabı maraqlı olub. Belə ki, İlya özünün "Yeralaş"dakı (yumoristik uşaq proqramı) rollarını təhlil edəndən sonra bu istəyindən əl çəkməli olub və kino sənayesinin onluq olmadığı qərarına gəlib. 

İlya Medvedev 2012-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Həmin il baş nazir özü məlumat yaymışdı ki, oğlu üç təhsil ocağına daxil olub: Moskva Dövlət Universitetinə, Peterburq Universitetinə və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna.