Azərbaycan Dillər Universitetində ölkəmizdə ilk dəfə olaraq serb dili və mədəniyyətinin tədrisinə başlanılıb.
Unikal.org xəbər verir ki, universitet yalnız öz tələbələri üçün deyil, həmçinin serb dilinə maraq göstərən şəxslər üçün də şans yaradıb.
Təhsil ocağında fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə bu ilin noyabr ayının 16-dan etibarən həftənin I və V günləri saat 14:00-da ödənişsiz serb dili dərsləri keçirilir. Tələbələr serb dilini başlanğıc səviyyəsindən inkişaf etdirə bilərlər.
Dərslər universitetdə fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzində keçirilir.
Dərslər tələbənin tək qrammatika deyil, bütün dil bacarıqları, o cümlədən dinləmə, danışıq, sürətli oxu, akademik yazı və tənqidi təfəkkür qabiliyyətinin inkişaf etdirilməsində mühüm rol oynayır.
Dərs proqramına əsasən həyatın müxtəlif sahələrində gündəlik istifadədə olan mövzular, onlarla bağlı nitq tapşırıqları həyata keçirilir, qrammatik qaydalar, müxtəlif mövzularda müzakirələr aparılır. Bununla yanaşı, dil daşıyıcısı tərəfindən aparılan şifahi nitq və dinləmə dərsləri tələbələrin öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır.
Dərslər uzun müddət Serbiyada yaşamış, Serb dili və mədəniyyət mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Məcidova və filoloq Branka Yoksiç-Malobabiç tərəfindən keçirilir.
Öyrəniləcək serb dilinin köməkliyi ilə tələbələr Monteneqro, Xorvatiya, Serbiya, Makedoniya, Bosniya və Hersoqovinada rahatlıqla ünsiyyət qura biləcəklər.
Maraqlanan şəxslər dərslərə yazılmaq üçün Serb dili və mədəniyyəti mərkəzinə (R.Behbudov küç.134, ADU-nun əsas binası, III mərtəbə, 301-ci otaq) müraciət edə bilərlər.