"Kömək edin, rahat ölüm"
13:22 15-09-2012
İQTİSADİYYAT
"Kömək edin, rahat ölüm"
Və yaxud bütövləşməkdə olan Kainat
XXI əsr öz gəlişinin elə ilk illərindəcə planetin və insanlığın həyatında, düşüncə tərzində çox şeyi dəyişmək iddiaları ortalığa qoydu və bu iddialar artıq tədricən gerçəkləşməyə başlayır.
Oxcucu üçün, bəlkə də, xeyli dərəcədə qəribə görünsə də, qeyd etməliyik ki, son ezoterik informasiyalara görə, Yerdəki sivilizasiya Kainat miqyasında ən primitiv sistemlərdən biri hesab edilir. Belə demək mümkünsə, biz düşüncə duallığından (bu isə Mağara Təfəkkürü hesab edilir) çıxmaq üçün hələ bir neçə yüz il vaxt sərf etməliyik. Daha doğrusu, biz insanlar hələ də Mağara Varlıqlarıyıq.
Düşüncə duallığı deyəndə ətrafımızda baş verən hadisələri və çevrəmizdəki insanları pis-yaxşı, xeyir-şər, vəfalı-satqın və s. damğaları ilə qavramağımızı nəzərdə tuturuq. İnana bilməsəniz də, hazırda planetdə mövcud olan bir çox xoşagəlməz problemlər məhz bu tip düşüncə tərzinin bəhrələridir.
Hazırda planet sakininin qarşısında duran birnömrəli problem özünə və çevrəsindəki insanlara münasibəti dəyişməkdən ibarətdir. Bəs bunu ncə etməli? Problemin həllini tapmaq üçün çevrəmizdəki insanların niyə mövcud olduqlarının mexanizmini və zərurətini anlamağımız lazımdır. Doğrudan da, çevrəmizdəki niyə məhz Əli deyil, Vəlidir, yaxud misal üçün, Mahirə deyil, Sonadır?
Istər ekzoterik, yəni dünyəvi elmlərdə, istərsə də ezoterik, yəni batini elmlərdə bu məsələ problem kimi hələ də gündəliyə gətirilməyib. Fikrimizcə, həyatımızda hansısa insan tiplərinin mövcudluğu və ya hansısa hadisələrin baş verməsi birbaşa və yalnız düşüncələrimizin silsiləsi ilə bağlıdır. Bizi əhatə edən insanlar düşüncəmizin cazibə qüvvəsi sayəsində həyatımıza gəliblər və bizim taleyimizdə ancaq və ancaq bizim düşündüklərimizi gerçəkləşdirməklə məşğuldurlar. Onlar artıq-əskik nəsə etmirlər. Etdikləri bütün yaxşlıqılar və bütün yamanlıqlar özümüz və başqaları barəd düşündüklərimizdir ki, maddiləşib qarşımıza çıxır.
Çevrəmizdəki bütün insanlar MƏLƏKDİRLƏR. Oğrusu da, qatili də, vəfalısı da, comərdi də, namərdi də.
Onlar bizə Xidmət edirlər!
Və bizi Gerçəkləşdirirlər!
Onlar bizm düşüncələrimizin hökmünü icra edirlər. Ağlımızdan keçəni başımıza gətirirlər.
Söhbəti genişləndirmədən XXI əsrin bizə gətirdiyi maraqlı bir mərasimvari institutdan söhbət açacağıq. Söhbət insan O DÜNYAya yola salmaqdan gedəcək. Bəli! İnsanı O DÜNYAYA YOLA SALMAQ MƏDƏNİYYƏTİndən. Hazırda bu praktika Qərb dövlətlərində tədricən yayılmağa başlanır və hospis adlanır.
Hospislər nədir?
Hospislər nə evtanaziya tətbiq edilən yerdir, nə də həyatı uzatmaq üçün xüsusi dərmanlardan istifadə edilən mərkəz.
Hospislər həyatı nə uzadır, nə də qısaldır. Bəs o zaman hospislərin mahiyyəti nədir?
Hospislər ağır xəstəliklərdən əziyyət çəkən insanlara həyatın mahiyyətini anladan və ölümü normal bir hadisə kimi qarşılamağa yardımçı olan xüsusi mərkəzlərdir. Əgər hospislərin mahiyyətini tam açıqlasaq, belə bir sıralama yaranacaq:
Hospislər xəstənin xroniki şikayətləri ilə maraqlanır;
Xəstəliklə əlaqədar bütün simptomları təyin edir;
Xəstənin ağrılarını maksimum azaltmağa çalışır;
Xəstələrə həkimlərlə bərabər, psixoloqlar da məsləhətlər verirlər;
Bu mərkəzlərdə din xadimləri belə olur, onlar ruhi həyat barədə, ölüm barədə xəstələrlə söhbət edir, onların ölümü normal qarşılamalarına yardım edirlər;
Hospislərdə pəhriz həkimləri, gözəllik ekspertləri, sosioloqlar da çalışırlar.
Hospis qanunları
Xüsusilə qeyd etmək lazımdır ki, hospis baxımının yeddi önəmli qanunu var:
Xəstə hospisdən evə qayıtmaq istəsə, evlərində də normal baxımlarının reallaşdırılması;
Xəstəliyin simptomlarının davamlı müşahidəsi;
Müalicənin hospisin təyin etdiyi istiqamətdə aparılması;
Həftənin 7 günü, 24 saat xəstənin qayğısının çəkilməsi;
Xəstənin və ailənin cəmiyyətdən təcrid olunmaması;
Ölüm əsnasında və ölüm sonrasında xəstə yaxınlarının dəstəklənilməsi;
Ünsiyyət sistemlərinin qurulması.
Hospislər xəstələrə
nə vəd edir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, Azərbaycanda da hospislərin yaradılması yaxşı effekt verə bilər: "Hospislər cəmiyyət üçün çox gərəkli bir layihə ola bilər. Bu məsələ dünyanın hər yerində ciddi müzakirə mövzusu olur. Hospislər xüsusi ixtisaslaşmış mərkəzlərdir ki, orada hər cür şərait, hər cür imkan yaradılır. Ağır xəstəliklərdən əziyyət çəkən insanlara burada xüsusi imkanlar yaradılır ki, onlar ağrılarını nisbətən az hiss etsinlər. Hospislər xəstələrə həyat keyfiyyətini yaxşılaşdırmaq imkanı yaradır.
Hospislərin özəlliyi ondan ibarətdir ki, xəstələrin həyatlarının qalan hissəsini rahat yaşamağa imkan yaradır və bunu kor-koranə yox, peşəkar formada edir. Tutaq ki, onkoloji xəstələrin ev şəraitində ağrılarının sakitləşdirilməsi mümkün olmur, daim həkim nəzarəti, ağrıya dözmək üçün dərmanlar, psixoloji dəstək lazım olur. Hospislər bu baxımdan ən yaxşı vasitə hesab olunur. Azərbaycanda belə bir mərkəzin yaradılmasına çox müsbət baxıram və gerçəkdən ehtiyac olduğunu düşünürəm".
Hospislər dövlətin
vətəndaşa qayğısıdır
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə də Azərbaycanda belə xəstələr üçün yerlər yaradılmasına olduqca böyük ehtiyac var. Sosioloq bildirir ki, bu, bir tərəfdən, ciddi bir humanist addımdır, digər tərəfdən, milli müstəqil dövlətin öz sakinlərinə vacib olan qayğısıdır, o biri tərəfdən isə dini borcdur: "İndiki vaxtda bu cür xəstələrin vəziyyəti çox ağırdır. Belə xəstələrin bir qismini adi xəstəxanalar götürmür. Çünki belə xəstələrin olması hər hansı bir xəstəxananın profilinə uyğun deyil. Digər tərəfdən elə xəstələrin çoxaldığı hər hansı bir xəstəxanada orada müalicə alan digər xəstələrin əhvalına psixoloji olaraq pis təsir edir. Belə xəstələr ailənin ümidinə qalanda isə ailədə ciddi problemlər yaranır".
Sosioloq bildirir ki, hər bir ailədə belə xəstələrə qulluq etmək üçün maddi və mənəvi imkanlar olmur: "Ağır xəstələr xüsusi qulluq tələb edirlər ki, bu da hər bir ailədə mümkün olmur. Nəticədə, ölkə üçün, vətən üçün ömrünü verən bir adamın, hər hansı bir vətəndaşın sonu çox kədərli olur. Hər bir ölkə öz vətəndaşlarına belə bir dövrdə arxa olmağa, bu dünyadan rahat getmələrinə şərait yaratmağa borcludur. Skandinaviya ölkələrində bu sahədə çox diqqətəlayiq təcrübə var".
Dünyada hospis
təcrübəsi
Amerikada tibb tələbələrinin, demək olar ki, 74 faizi xəstənin ömrünün son dönəminin baxımı və qayğısı haqqında heç bir məlumata malik deyil. Əhalinin isə 83 faizinin hospis anlayışı barədə cüzi də olsa, məlumatı yoxdur. Qeyd edək ki, 1999-cu ildə Avropa Şurası hospisləri qanuni bir qurum olaraq qəbul edib. Amma birliyə üzv ölkələr arasında bu sahədə o qədər də inkişaf etmişi yoxdur.
Dünyada ən yaxşı hospislərin olduğu ölkə isə İngiltərə hesab edilir. Bu ölkədə ağır xəstələrin ömürlərinin son günlərini rahat bir şəraitdə keçirə biləcəkləri əla şəraitli və peşəkar personalı olan hospislər fəaliyyət göstərir. Bu mərkəzlərdəki psixoloqların dəstəyi isə xüsusi önəm daşıyır. Belə ki, psixoloqlar həm xəstələrə, həm də onların yaxınlarına psixoloji dəstəyi ilə ölümü maksimum asanlaşdırırlar.
Azərbaycanda
hospis yaratmaq üçün
nə lazımdır?
Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, bunun üçün ilk növbədə başqa ölkələrin təcrübəsi dərindən öyrənilməlidir. Başqa sahələrdə olduğu kimi, elmi əsaslarla, ciddi hazırlanmış bir fəaliyyət proqramı lazımdır: "Belə xəstəxanalara nə dərəcədə, hansı miqyasda ehtiyac olduğunu əsalandırmaqla, maliyyə vasitələri, maliyyə mənbələri müəyyənləşdirməklə konkret bir mexanizm yaradılmalıdır. Burada həm dövlət büdcəsindən, həm məscidlərin, kilsələrin, digər dini təşkilatların maliyyə dəstəyindən, xeyriyyəçilərin, ianə verənlərin maliyyə dəstəyindən istifadə etmək olar".
Sözardı
Yuxarıda qeyd edilənlərdən sonra belə demək mümkündürsə, doğulan körpəni dərin qayğı ilə qarşılamağın və ona işıqlı sevi ilə yanaşmağın digər üzü hospis proseduru zamanı meydan çıxır. Bu dünyaya gələni necə qarşılayırıqsa, bu dünyadan gedəni də eyni sevgi ilə yola salmalıyıq. Bu zaman biz bütövləşirik. Dünyanın faniliyi qədər əzəmətini də anlayırıq. Məhz buna görə yazımızın bir adını da "bütövləşən Kainat" qoyduq... Düşüncəmiz, sevgimiz, təfəkkürümüz və taleyimiz bütövləşsin deyə...
Lalə
Savalan
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55