1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günündə "Nar" tərəfindən azyaşlılarda liderlik xüsusiyyətlərinin inkişaf etdirilməsi məqsədi daşıyan interaktiv təlim sessiyası keçirilib. 80-dən artıq məktəblinin iştirak etdiyi birgünlük təlimlər üç istiqamət üzrə aparılıb.
"Liderlik və sosiallaşma bacarıqlarının artırılması" layihəsi, "Sosial media marketinq təlimləri" və Yüksək Texnologiyalar Parkında təşkil edilən "Texnologiya biliklərinin inkişaf etdirilməsi" mövzusundakı təlimlərin əsas məqsədi yuxarı sinif şagirdləri olan məktəblilərin liderlik xüsusiyyətləri, ünsiyyət bacarıqlarının artırılması, böhran və gərginlik zamanı davranış qaydaları barədə ətraflı məlumatla təmin edilmələri olub. Təlimlər uşaqlar arasında populyar olan sosial şəbəkələr, sosial səhifələrdə hesabın açılması və idarə edilməsi, məktəbin sosial səhifələrindəki fəallıq, ən son mobil və informasiya texnologiyaları, innovasiyalar, Azərbaycandakı mobil texnologiya trendləri, müasir texnologiyaların məktəb təhsilinə verdiyi töhfə və digər məsələləri əhatə edib.
"Nar" Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən təlimlərin sonunda hər bir iştirakçıya mobil operator adından hədiyyə təqdim edilib.
Qeyd edək ki, "Nar" təhsil sahəsi və gələcək nəslin inkişaf perspektivlərini KSM strategiyasının mühüm istiqaməti olaraq qiymətləndirir.