Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.
Unikal.org vasitəsilə uşaqları təbrik edən partiya sədri bunları deyib: "Bütün balaları bu gün münasibəti ilə uşaqları təbrik edirəm. Onlara möhkəm can sağlığı, vətəni sevmək uğrunda tərbiyə olunmalarını arzu edirəm. Azərbaycanın qorunmasında və torpaqlarımızın qaytarılmasında uşaqların rolu böyükdür. Onlar heç zaman vətəni unutmasınlar. Yaltaqlığı öyrənməsinlər, mərd olsunlar. İnşallah torpaqlarımız tezliklə işğaldan azad olunsun və uşaqlar müharibə görməsinlər".
Partiya sədri uşaqlıq xatirələrindən də danışıb: "Mənim uşaqlıq illərim düşmənlərimizin içində keçib və hər zaman ermənilərlə konfliktdə olmuşam. Mənim uşaqlıq dövrümdə yadda qalan ən çox erməni Akopisin oğlu Abiriki döyməyim olub. Məktəbdə onu möhkəm döydüm. Hətta məni orta məktəbdə məzəmmət elədilər ki, niyə uşağı döyürsən? Mən Ermənistanda böyüyən bir insan kimi deyə bilərəm ki, düşmənlər hər zaman bizim əlimizdə aciz idilər. Çox təəssüf ki, biz Ermənistandan deportasiya olunandan sonra onlar at oynatmağa başladılar. Biz düşmənin içində yaşaya-yaşaya hər zaman qeyrət-namus üstündə mübarizə aparırdıq. Neynəyək ki, bu gün torpaqlarımızın 20 faizi qorxaq erməni dığalarının əlindədir".