Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əlizamin Əliyevin cəzasının çəkilməmiş hissəsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Unikal.org lent.az-a istinadən məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesin qərarına əsasən şikayət təmin edilməyib.
Qeyd edək ki, 2009-cu ilin iyun ayında Astara rayon sakini, 1960-cı il təvəllüdlü Ə.Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək paytaxt Bakıda saxlanılıb. Əməliyyatçılar onun üzərindən 80.341 qram narkotik vasitə olan heroin götürüblər. Sabunçu RPİ-nin istintaq şöbəsində dindirilən Ə.Əliyev müğənni Nazəninin qardaşı olduğunu və uzun müddətdən bəri narkotik vasitələrin istifadəçisi olduğunu bildirib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə Ə.Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının çəkilməmiş hissəsinin çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün bu il Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müğənninin qardaşının müraciətini təmin etməyib. Həmin qərardan narazı qalan Ə.Əliyev apellyasiya şikayəti verib.