Ötən gün mediada Xəzər TV-nin "Rezonans" verilişinin yeni buraxılışında hazırda həbsdən olan müğənni Maralı Tahirqızının görüntüləri yer almışdı.
Unikal.org "Qafqazinfo"-ya istinadən xəbər verir ki, anonsda verilişin mayın 31-də yayımlanacağı bildirilirdi. Məlum olub ki, proqram dünən yayımlansa da, M. Tahirqızının iştirak etdiyi hissələr verilişdən çıxarılıb.
"Qafqazinfo" məsələyə aydınlıq gətirmək üçün verilişin layihə rəhbəri Mübariz Əsgərovla əlaqə saxlayıb. M. Əsgərov bunun texniki məsələ olduğunu vurğulayıb: "Bizə xəbər gəldi ki, həbsxanada Maral xanımın iştirakı ilə tədbir keçirilir, onu da çəkib verilişə əlavə etsək daha yaxşı olar. Anonsda qeyd edilib ki, növbəti proqramlarda o olacaq. İndi Maral Tahirqızı böyük şəxsiyyətdir, hamı onu tanıyır, efirə elə-belə vermək yaxşı olmazdı. Pərəstişkarları çoxdur, hamı zəng edib soruşur.
Yaxın günlərdə onun iştirakı ilə olan veriliş efirə gedəcək. Heç bir problem yoxdur".
Qeyd edək ki, M. Tahirqızı ötən il Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.