Keçmiş "Sovetski" məhəlləsindəki bəzi qədimi tikililərin tarixi binalar sırasından çıxarılaraq, sökülməsinə icazə verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Günlərdir ki, Mədəniyyət və Turizm Nazirliyinin sözügedən qərarı müzakirə olunur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məsələ ilə bağlı açıqlama verərək, tarixi abidələrin qorunması ilə bağlı dövlətin 2001-ci ildə tərtib etdiyi siyahının olduğunu, bəzi binaların həmin siyahıya tələsik daxil edildiyini bildirib: "Həmin siyahıya bəzi binalar çox tələsik, düşünülməmiş şəkildə daxil edilib. O binaların bəziləri isə həmin dövrdə, ümumiyyətlə, mövcud olmayıb. Prezident İlham Əliyevin tapşırığı ilə bizdə yeni xidmət yaradıldı, bu xidmət iki il müddətində yeni siyahının tərtib edilməsi ilə məşğul oldu. Biz də əlavə yerlərin o siyahıya daxil edilməsini təmin etdik". 

Hüquq müdafiəçisi Xalid Bağırov Əbülfəs Qarayevin açıqlamasını təkzib edən fikirlər səsləndirib. X.Bağırov tarixi abidələrin qorunması ilə bağlı siyahının 2001-ci ildə tərtib edilmədiyini vurğulayıb: "Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 3 aprel tarixli 140 nömrəli, 1981-ci il 14 may tarixli 225 nömrəli, 1988-ci il tarixli 27 aprel 145 nömrəli qərarları ilə tarixi abidələrin siyahısı müəyyən edilib. 02 avqust 2001-ci ildə sadəcə bu abidələr üç yerə (dünya, ölkə və yerli əhəmiyyətli) bölünməklə uyğunlaşdırılma aparılıb. Uyğunlaşma zamanı ölkə və yerli əhəmiyyətli 190-dan artıq binanı siyahıdan çıxarılıb.1968-ci ildə tarixi əhəmiyyəti olan bina 2000-lərdən sonra tarixi əhəmiyyətini itirir".

Xatırladaq ki, bir neçə gün əvvəl "Sovetski"dəki 76 tarixi binanın söküləcəyi ilə bağlı rəsmi məlumat yayılıb. Məlumatda bildirilir ki, "Sovetski"də 171 tarixi abidə var ki, bunun 76-sı Nazirlər Kabinetinin və Mədəniyyət Nazirliyinin qərarı ilə tarixi əhəmiyyətə malik olmadığından söküləcək. Hazırda daha 8 tarixi bina, o cümlədən, Mirzə-ağa Əliyev 115-də yerləşən Abbas Mirzə Şərifzadənin evi ilə bağlı Elmlər Akademiyası və Mədəniyyət Nazirliyi tərəfindən araşdırma aparılır. Onların gəldikləri qərardan sonra bəlli olacaq ki, həmin binalar da sökülsün, ya yox. (AzNews.az )