Prezident İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərman imzalayıb.
Unikal.org xəbər verir ki, sənəd Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədilə qərara alınıb.
Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün "ASAN Viza" sistemini yaratmaq və onun idarə olunmasını təmin etmək, "ASAN Viza" sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
"ASAN Viza" sistemi vasitəsilə elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa "ASAN Viza" sistemi vasitəsilə müraciət etməsi, elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə "ASAN Viza" sisteminə daxil edilməsi, elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun "ASAN Viza" sistemi vasitəsilə elektron qaydada ödənilməsi, elektron vizanın üç iş günü müddətində verilməsi, elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi, "ASAN Viza" sisteminin "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılması, elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi və dövri statistik hesabatların hazırlanması təmin edilir.
Müəyyən edilib ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.
Sənədlə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi "ASAN Viza" sistemi vasitəsilə elektron vizanın üç iş günü müddətində verilməsinə ciddi riayət etməli, vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, elektron viza verilməsinin yeni qaydaları və "ASAN Viza" sisteminin yaradılması barədə məlumatın nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin Əlaqələndirmə Şurasına "ASAN Viza" sisteminin "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiyasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, elektron viza verilməsi prosesində Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş şəxslərin siyahıları üzrə yoxlamanın operativ aparılması məqsədilə "Sərhədkeçməyə məhdudiyyət" informasiya resursuna daxil edilən məlumatların dəqiqliyinin və aktuallığının təmin edilməsi üçün tədbirlər görmək tapşırılıb.
Maliyyə Nazirliyi "ASAN Viza" sisteminin yaradılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsini təmin etməli və növbəti illərin dövlət büdcəsi layihələrində "ASAN Viza" sisteminin saxlanması ilə əlaqədar müvafiq vəsaiti nəzərdə tutmalıdır.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə "ASAN Viza" sisteminin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri telekommunikasiya kanalları ilə təmin etmək və "ASAN Viza" sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görmək tapşırılıb.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi elektron viza verilməsinin yeni qaydaları və "ASAN Viza" sisteminin yaradılması haqqında məlumatın Nazirliyin internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməli və Azərbaycan Respublikasına səfərlər təşkil edən turizm şirkətlərini bu barədə məlumatlandırmalıdır.