Torpaq idarəçiliyində mühüm layihələrdən olan elektron kadastr uçot işlərinin nəticəsində  ölkədə torpaq fondunun idarə edilməsi elmi əsaslarla aparılır, torpaq balansı dəqiqləşir. Bundan başqa regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir, dövlət nəzarəti müasir dövrün prinsiplərinə uyğunlaşır. Eyni zamanda torpaqların münbitlik dərəcəsi öyrənilir, aqrar sahənin inkişafı ilə bağlı düzgün qərarlar qəbul edilir. Artıq bu işlər nəticəsində torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə edilir. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi nəticəsində reallaşır. 

Unikal.org xəbər vcerir ki, hazırda müasir metodlardan, beynəlxalq təcrübədən, innovativ texniki imkanlardan istifadə edərək torpaqların elektron kadastr işləri bir neçə rayonda bitib. Sistemə daxil olan növbəti rayon Daşkəsəndir. Nəticədə həmin rayonda torpaqların real vəziyyətini əks etdirən uçot sisteminin istifadəsinə start verildi. Bu məqsədlə Daşkəsən rayonunda görülən işlərin nəticələri, sistemin istifadə qaydaları ilə bağlı İşgüzar Forum keçirilib. Komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olundu. Uçot işlərinin real şəraitdə tətbiqi mexanizmi onlara əyani şəkildə göstərilib, layihənin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə göstərəcəyi müsbət təsirlər izah edilib. Bu günə qədər bu layihənin praktiki istifadəsi 30-a yaxın rayonda reallaşıb.

Daşkəsən rayonunda yekunlaşan torpaqların elektron kadastr uçotunun həyata keçirilməsi ilə bələdiyyələrin mülkiyyətində olan torpaqların dəqiq sərhədləri, miqyası, istifadə təyinatı müəyyənləşir. Eyni zamanda torpaqların ümumi həcmində dövlət və özəl torpaqların xüsusi payı təyin edilir. Layihənin həyata keçirilməsi bölgədə bələdiyyə, relyef, meyillilik xəritələrinin də tərtib edilməsini mümkün edib. Eyni zamanda, torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata keçirməyə imkan verən xəritələr də mütəxəssislər tərəfindən hazırlanıb. 

Hazırlanmış uçot işləri nəticəsində Daşkəsən rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 53,3 min hektar torpaq sahəsinin mövcudluğu öyrənilib.  Bəlli olub ki, 31,9 min hektar bələdiyyə, 10,3 min hektar dövlət, 11,1 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 35,1 min hektara yaxını (65,8 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 10,4 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 16,8 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər müxtəlif uqodiyaların  hesabına azalaraq 10,4 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 7,8 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin kənd təsərrüfatına yararlı olan sahələrdə (mülkiyyət növünə görə) yerləşən tikili və qurğular barədə müfəssəl məlumatlar da əldə edilmişdir. Belə ki, həmin ərazilərdə 179 tikili və qurğuların (bundan 3 dövlət mülkiyyətində, 149 bələdiyyə mülkiyyətində, 27 xüsusi mülkiyyətində) olduğu aşkar edilib.

Bu işlər nəticəsində əmlaka dair çıxarışların verilməsi və digər qeydiyyat xidmətləri də vətəndaşlara sadə və sürətli formada göstəriləcək. Belə ki, rayon ərazilərində yerləşən daşınmaz əmlaklar barədə məlumatlar bazaya daxil edilib.  

Görülən işlərlə paralel olaraq rayonunun torpaq xəritəsi, yay otlaqlarının geobotaniki xəritəsi, eləcə də eroziya xəritələri tərtib edilib. Bununla hansı ərazilərin münbit olduğunu, hansı torpaqların şorlaşmaya məruz qaldığını müəyyən etmək olur. Fermer isə torpaqda hansı növ fermer təsərrüfatı ilə məşğul olacağını planlaşdıra bilir, torpağın aqrar sahədəki yararlılıq dərəcəsi mülkiyyətçiyə bəlli olur.