Dövlət Gömrük Komitəsində (DGK) 2019-cu il aprelin 16-18-da Bakı şəhərində keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransa hazırlıqla bağlı iclas olub.
DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Unikal.org-a verilən məlumata görə, toplantıda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, Nazirlər Kabineti Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Qulu İmanquliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov, Xarici İşlər, Maliyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinin, Azərbaycan Hava Yolları QSC-nin və ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsi sədrinin müavini Əsgər Abdullayev Prezident İlham Əliyevin sərəncamına əsasən, konfransın keçirilməsilə əlaqədar təşkilat komitəsinin yaradıldığını və Nazirlər Kabineti tərəfindən tədbirlər planının hazırlandığını bildirib. Qeyd edilib ki, iclasın məqsədi də tədbirlər planında nəzərdə tutulan məsələlərin müzakirə edilməsidir.
ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə üzrə Administrasiyanın Orta Asiya üzrə regional direktoru Vilyam Varen konfransın əhəmiyyətindən bəhs edib və bu iclası tədbirin yüksək səviyyədə təşkil edilməsi istiqamətində uğurlu addım kimi qiymətləndirib.
Daha sonra tədbirdə konfransın loqosunun hazırlanması, iştirakçı ölkələrin və nümayəndələrin siyahısının tərtib edilməsi, müzakirə olunacaq mövzular və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.