"Biz bu olayla bağlı dərhal araşdırma apardıq. Dekanın bu hərəkəti qanunsuzdur və ona töhmət veriləcək".
Bunu Dövlət Dillər Universitetinin rektor əvəzi Dünyamin Yunusov adıçəkilən təhsil ocağının YAP-ın iclasına getməyən tələbələrinə töhmət verilməsi barədə fakta münasibət bildirərkən söyləyib.
Saytımıza açıqlamasında rektor bildirib ki, dekanın bu əməli sadəcə tələbləri məsuliyyətli olmağa dəvət məqsədi ilə edilsə də qanunsuzdur: "Dekana töhmət veriləcək. Divara vurulan o kağızın da hüquqi statusu yoxdur".
Rektor tələbələrin YAP-a zorla yazdırılmadığını da deyib:
"İndi hansı dövrdür ki, insanları zorla partiyaya qoşasan".
Dünyamın Yunusov onu da bildirib ki, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı da baş verənlərin araşdırılmasını istəyib: "Məlahət xanım da bu məsələdən narahat oldu". (Gununsesi.info)