Yaponiyada 11 mart 2011-ci ildə baş verən dəhşətli zəlzələ və ardınca yaşanan sunami Miyagi prefekturasının Onaqava sahil şəhərində böyük fəlakətə səbəb olub. İllər keçməsinə baxmayaraq, fəlakətin səbəb olduğu ağır həyat hekayələri bu gün də öz aktuallığını qoruyur. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə zamanı bank işçisi olan Yuko Takamatsu dalğalara qapılaraq itkin düşüb. Aradan 14 il keçsə də, əri Yasuo Takamatsu onu tapmaq üçün axtarışlarını dayandırmır.

"Arvadımın son istəyini yerinə yetirəcəyəm", - deyən Takamatsu sunaminin yaşandığı gündən bəri həyat yoldaşının son mesajını unuda bilmədiyini ifadə edib.  Məlumata görə,  Yuko ərinə son mesajında “Evimə getmək istəyirəm” yazıbmış. 

Yasuo isə bu sözləri hər gün xatırladığını bildirərək: “Onu tapıb evimizə gətirənə qədər axtarışa davam edəcəyəm”, - deyib.

Hadisə zamanı bank rəhbərliyi işçiləri binanın damına çıxardıb. Ancaq gözlənilmədən gələn 15 metrlik nəhəng dalğa damda olan əməkdaşları suya sürükləyib. Yuko Takamatsu ilə birlikdə 13 nəfərdən 12-si həmin gün itkin düşüb.

Yasuo Takamatsu indiyədək 700-dən artıq dalış həyata keçirərək həyat yoldaşını axtarıb. Onun inadla davam edən bu axtarışı Yaponiyada həm kədər, həm də böyük heyranlıq doğurur.