Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında bu ildən etibarən icrasına başlanılan ikili diplom proqramı (İDP) çərçivəsində ilk tələbə qrupu sentyabrın 8-də Çin Xalq Respublikasına yola salınıb. 

"Unikal" xəbər verir ki, artıq Pekin şəhərində olan BMU tələbələrinin burada yaşayışı, təhsillərini yüksək səviyyədə davam etdirmələri üçün hərtərəfli şərait yaradılıb. Tələbələr tədris prosesinə sentyabrın 15-də başlayacaq.

Çinin aparıcı ali təhsil müəssisəsi ilə birgə həyata keçirilən proqram Kimya, Kompüter və Mexanika mühəndisliyi ixtisaslarını əhatə edir. 2+2 modelinə əsaslanan proqrama uyğun olaraq BMU-da I, II kursları uğurla başa vuran tələbələr növbəti kursları PKTU-da oxuyacaqlar. Sonda isə tələbələr iki universitetin diplomunu əldə edəcəklər. 

Bu, Azərbaycan ilə Çin universitetləri arasında bakalavriat səviyyəsində icra olunan ilk ikili diplom proqramıdır və insan kapitalının inkişafı, elmi-texniki tərəqqi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. BMU tələbələri proqramın yaratdığı imkanlardan yararlanmaqla Çin universitetlərinin müasir elmi bazası üzərində biliklərini dərinləşdirəcək, ən son standartlara uyğun bacarıqlara yiyələnəcəklər. 

İki universitet arasında qurulan əməkdaşlığa əsasən gerçəkləşdiriləcək birgə layihələr və elmi araşdırmalar ölkəmizdə yüksəkixtisaslı kadrların yetişdirilməsinə töhfə verməklə yanaşı, Azərbaycan-Çin strateji tərəfdaşlığının möhkəmlənməsinə xidmət edir. Təhsil sahəsində güclənən əməkdaşlıq “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində qarşılıqlı etimadın və humanitar əlaqələrin inkişafına əlavə stimul verir.