1990-cı ilin 20 yanvar günündə törədilmiş qanlı hadisələrin üstündən 29 il keçsə də, Azərbaycan xalqı öz fədakar oğul və qızlarını heç zaman unutmur. Həmin tarixdə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə Sovet ordusu respublikamızın paytaxtına daxil olaraq dinc əhaliyə divan tutmuşdu. Həmin gecə müstəqillik uğrunda mübarizəyə qalxan, vətəni yadların tapdağından qurtarmağa çalışan yüzlərlə sakin vəhşicəsinə qətlə yetirilmişdi. Onların xatirəsi həmkarlar ittifaqları təşkilatları tərəfindən də hər il yad edilir.
Unikal.org xəbər verir ki, hər il olduğu kimi, bu il də AHİK-də və sahə həmkarlar ittifaqlarında müstəqillik uğrunda səhid olan vətən övladlarının anım günü ərəfəsində bir sıra tədbirlər keçirilir. AHİK-in tədbirlər planına uyğun olaraq 2019-cu il yanvarın 9-da ənənəvi olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 20 yanvar faciəsi şəhidlərinin ailələri ilə görüş keçirilib.
Görüşdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev onların problemləri ilə maraqlanıb, şəhid ailələrinin hər zaman həmkatlar ittifaqı təşkilatlarının diqqətində olduğunu, problemlərinin həllinə daim həssaslıqla yanaşıldığını, şəhid olmuş soydaşlarımızın xalqımızın qəlbində əbədi yaşayacağını, xatirələrinin həmişə əziz tutulduğunu diqqətə çatdırıb. S.Möhbalıyev bir daha iştirakçıları əmin edib ki, həmkarlar irrifaqları olaraq torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid övladlarımızın ailə üzvlərinə bundan sonra da qayğı və diqqətimizi əsirgəməyəcəyik.
Görüşdən sonra 104 şəhid ailəsinin hər birinə 200 manat maddi yardım təqdim edilib.