Bakının ən məşhur gecə klublarından olan "İnfiniti” ötən ilin sonlarında tam şəkildə qapadılıb.
 
Unikal.org
xəbər verir ki, bu barədə xəbər "Azpolitika”ya məlumatlı mənbədən daxil olub.

Məlumata görə, ötən ilin sentyabır ayının sonlarında klubun bağlandığı elan olunsa da, "İnfiniti” müəyyən qrup müştərilərə xidməti davam etdirib. Daha doğrusu, əvvəlcədən aylıq pul ödəyib kluba üzv olan "elit müştərilərə” və varlı turistlərə "İnfiniti”nin qapıları açıq olub. Ancaq bu da çox çəkməyib.
Ötən ilin dekabrında dövlət orqanları (konkret qurumun adı çəkilmir-mül.) tərəfindən klubun tam dayandırılması, hətta içinin belə boşadılması tələb olunub.
 
Bundan sonra klubun fəaliyətinə son verilib.

Bakının mərkəzində yüngül əxlaqlı qadınların ən çox toplaşdığı və bu üzdən də ərəblərin sevimli məkanına çevrilmiş gecə klubunun bağlanmasının konkret səbəbi açıqlanmayıb.

Ancaq bunun səbəbinin klubda əxlaqsızlığın əndazəni aşması, burada baş verənlərin səsinin hətta ölkə hüdudlarından kənara belə yayılması ilə bağlı olduğu ehtimal olunur.

Xatırladaq ki, bir müddət öncə İraqdan olan blogerin "İnfiniti” gecə klubundan hazırladığı reportaj həm yerli, həm də xarici mətbuatda geniş şəkildə yayımlanmışdı. Ərəblərin Azərbaycandaki gecə həyatından bəhs edən reportajda "İnfiniti” klubun qarşısında qadın alverinin getdiyini, klubun əxlaqsız qadınların məskəninə çevrildiyini nümayiş etdirən görüntülər əks olunmuşdu.

 Həmin qalmaqallı reportajdan qısa müddət sonra gecə klubunun bağlandığının elan olunması, bir müddət əvvəl isə tam qapadılması "İnfiniti” və oxşar klublarda baş verənlərin "yuxarılarda” da narazılığa səbəb olduğunu düşünməyə əsas verir. Bunu Azərbaycana ərəb turistləri üçün sadələşdirilmiş viza rejiminin ləğv edilməsi də təsdiqləyir.

Qeyd edək ki, ərəblərin, xüsusən də İraqdan gələn turistlərin Bakının gecə klublarında, hətta şəhərin mərkəzində pozğun qadınlarla min cür hoqqadan çıxması ölkə ictimaiyyətinin narazılığına səbəb olmuşdu. Hətta bəzi ziyalılar bununla bağlı müafiq tədbirin görülməsi üçün ölkə rəhbərliyinə müraciət də etmişdilər.

Görünür, bu müraciətlər nəticəsiz qalmayıb. Müvafiq qurumlara bu cür hallara son verilməsi üçün tapşırıq verilib. Mümkündür ki, "İnfiniti” və oxşar gecə klublarının bağlanması, İraqdan gələn turistlər üçün sadələşdirilmiş viza rejiminin ləğv edilməsi də bununla bağlı olub.