Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Unikal.org xəbər verir ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edən rektor Mustafa Babanlı 20 Yanvar faciəsi ilə Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyini deyib. Rektor M.Babanlı ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb.

Tədbir iştirakçılarına o dövrki ictimai-siyasi proseslər barədə məlumat verən İctimai Fənlər kafedrasının müdiri, professor Camal Mustafayev 20 yanvarda ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib.

20 Yanvar hadisələrinin canlı şahidi kimi öz xatirələrini bölüşən İctimai Fənlər kafedrasının dosenti Yaşar Əhmədov şəhidlərimizin qanının hədər axmadığını, bugünkü müstəqilliyimizin bünövrəsinin o dövrdə qoyulduğunu vurğulayıb.