İdmanın sağlamlıq üçün nə qədər faydalı olduğunu hər kəs bilir. İdman həyat keyfiyyətini artırır, orqanizmdə oksigenin daha yaxşı paylanmasına səbəb olur, ürək döyüntülərini stabilləşdirir, xərçəng riskini azaldır və s. Bəs idmanın sağlamlıq üçün həm də təhlükə olduğunu bilirsinizmi?

Unikal.org e-tibb.az-a istinadən bildirir ki, şüurla idarə edilməyən idmanın sağlamlığa faydasından çox zərəri var. Bu zərərli halları aşağıdakı kimi sıralamaq olar:

1. Ara vermədən idman etmək zərərlidir. Çünki sürətli hərəkət zamanı əzələlərimiz xeyli enerji sərf edir və bəzi hallarda biz hiss etmədiyimiz şəkildə xəsarət alır, cırılır, əzilir və s. Lakin orqanizm özü bu problemlərin aradan qaldıra bilir. Sadəcə, ona zaman vermək lazımdır. Unutmaq olmaz ki, böyümə hormonu yalnız dincələrkən və yatarkən yarana bilir. Bu üzdən həddindən artıq idmanla məşğul olan uşaqların boy artımında, böyüməsində problemlər yaranır.

2. Hər hansı proqram olmadan idman etməyin ziyanlı tərəfləri var. Mütəxəssislər bilir ki, bədənin hansı hissəsindən sonra haranı işlətmək olar. Mütləq professional şəkildə proqram tərtib edilməli və həftənin müəyyən günlərində bədənin hansı bölgəsinin işlədiləcəyi bəlli olmalıdır. Belə olmazsa, bədən tükənir. Bu da immun sistemimiz üçün təhlükə yaradır və insan halsız şəkildə həyatına davam edir.

3. Dayanmadan idman etmək qalıcı zərərlərə də gətirib çıxarır. Bəzən isə bunların izlərini silmək mümkün olmur. ABŞ-da "Saint Luke" klinikasının araşdırmasına görə, uzun müddət idmandan sonra insanda ritm pozğunluğu meydana gəlir. Araşdırmanı edən professor Ceyms Okif bəyan edib ki, uzun müddətli qaçış marafonları, velosiped yarışları ürəyə ciddi və qalıcı zərər verir. Onun sözlərinə görə, gün ərzində 1 saatdan çox idman etmək olmaz.

4. Xəstə insanlar üçün idman daha təhlükəli ola bilər. Bəzi insanlar xəstə olduqlarına çox ciddi yanaşmırlar. Məsələn, diabet və ya hər hansı xroniki xəstəliyi ola-ola sağlam adamlar üçün nəzərdə tutulan idman proqramlarını icra edirlər. Bu isə təhlükəlidir. Belində onurğa yırtığı, sümük əriməsi, əzələ bağlarında problemlər olan xəstələrə isə, ümumiyyətlə, professional idmanla məşğul olmaq məsləhət görülmür. İdman bu xəstəlikləri daha da inkişaf etdirir.

5. İdmanın hansı hava şəraitində edilməsi də əsas şərtlərdən biridir. Ürək-damar xəstələri bilməlidirlər ki, sərt külək və soyuq havada idman etmək infarkta səbəb ola bilər. Sərt külək bədən səthindəki isti hava layının uzaqlaşmasına səbəb olur. Bunun nəticəsində ürək bədən istiliyini qorumaq üçün daha çox qan nəql edir və iş yükü artır, bununla da, ürək-damar xəstəliyi olan şəxslərdə infarktın inkişafı üçün münbit zəmin yaranır. İsti havada həddən artıq idman etmək isə soyuq havada idman etməkdən də zərərli ola bilər.

6. İdman insanda şəkər xəstəliyi yarada bilər. ABŞ alimləri uzun araşdırmalardan sonra müəyyən ediblər ki, idman artıq çəkidən xilas etsə də, diabetin yaranmasına səbəb olur. Mütəxəssislərə görə, insan orqanizminin təbii mexanizminə əsasən, əzələlər gündüz qlükoza, gecə isə yağlardan yanacaq kimi istifadə edir. İdman isə bu prosesi pozur.

İdmanla məşğul olmağı sevənlər unutmamalıdırlar ki, eyni zamanda yaxşı dincəlməli və yaxşı qidalanmalıdırlar.