Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, sərəncam qazandığı nailiyyətlərlə ölkə kinematoqrafiyasının daha da zənginləşməsi işinə dəyərli töhfələr vermiş xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədi daşıyır.
Sərəncamla Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Sərəncamda bildirilir ki, 2019-cu ilin fevral ayında Azərbaycanın görkəmli kino rejissoru, əməkdar incəsənət xadimi, xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadənin anadan olmasının 100 illiyi tamam olur.
Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdur. Sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri vardır.