“Bilməmişəm, dala qalmışam...”
13:06 21-09-2012
İQTİSADİYYAT
“Bilməmişəm, dala qalmışam...”
Və yaxud dilənçiliyin ilginc tərəfləri
Əvvəlcə rəvayət:
Bir yolçu şəhər bazarına girəndə dilənçilərin sıralanıb pul diləndiyini görür. “Allah yolunda əl tutun!”, “İmam xatirinə kömək edin!” və s. Bu yalvarışlar içində bir dilənçinin sözləri yolçunun diqqətini xüsusi cəlb edir: “Ay Allahın bəndələri, bilməmişəm, dala qalmışam, mənə də yardım edin!”
Bu söz yolçuya qəribə görünür və qərara gəlir ki, bunun sirrini öyrənməlidir. Və axşama qədər dilənçini gözdən qoymur. Bazar sovuşanda dilənçi də hamı kimi yığışıb evinə yollanır, yolçu da onun dalınca... Gəlhagəl, dilənçi yaraşıqlı bir imarətə daxil olur. Yolçu bir qədər gözləyib qapını döyür. “Kimsən?” sualına “Allah qonağı” cavabından sonra onu içəri buraxırlar. Yolçu görür ki, dilənçi döşəkçənin üzərində əyləşib, qabağında pürrəngi çay, ağzında isə qəlyan... Xülasə, yemək-içməkdən sonra ev yiyəsi (dilənçi) soruşur: “Qardaş, kimsən, hardan gəlib, hara gedirsən?” Yolçu gəlişinin mətləbini açır. Ev yiyəsi pis yerdə yaxalandığını başa düşür və boynuna alır: “Mən bir vaxtlar bu şəhərin adlı-sanlı tacirlərindən biriydim. Burada alıb-burada satardım, yaxşı da qazanardım. Yoldaşlarım məni yoldan etdilər ki, gedək, Hindistandan mal vuraq, üçqat qazanaq. Olan pulumu yarı bölüb, mal aldım və gəmiylə yola düşdük. Yolda fırtına başladı. Hamı batdı, qurtulan bir mən oldum. Pulumun yarısını saxladığm vətən uzaq, mən də pulsuz. Dilənə-dilənə bir neçə ilə gəlib bura çıxdım və gördüm ki, dilənçiliklə qazandığım pul mənim cəmi pulumdan çoxdur. Tacirliyi buraxdım və başladım dilənçiliyə. Ona görə deyirəm ki, bilməmişəm, dala qalmışam”.
Bir az da şəriətdən
“Mal-dövlətinizi paylaşın” buyurur Allah. Bu əmrin icrasını asanlaşdırmaq üçün fitrə, sədəqə, zəkat, kasıb qonşuna əl tutmaq, yetimlərə yardım etmək, sərvətinin artıq hissəsindən ehtiyacı olanlara pay ayırmaq kimi hökmlər gəlib. Həmçinin dilənmək məcburiyyəti qarşısında qalanların əlini boş geri qaytarmayanlara böyük müjdələr verir Yaradan. İnsanların bu lütfdən yararlana bilmələri üçün fürsəti onların ayağına belə gətirir.
Günlərin birində Xızır Peyğəmbər dilənçi kökündə şəhərə daxil olur. Qarşısına çıxan insanlara əl açıb yardım diləməyə başlayır. Lakin heç kim qara qəpik belə vermir. Sonda dövrün ariflərindən biri ilə rastlaşır. Arif onun Xızır olduğunu tanıyır və bu məsələnin hikmətini soruşur. Xızır buyurur: “Allah məni insanlara bir lütf bəxş etmək üçün bu şəhərə yolladı. Allahın rəhmət dənizi cuşa gəldiyindən vəd verdi ki, kim sənə bircə qəpik belə sədəqə versə, ona 124 min Peyğəmbərə vermədiyim məqamı verəcəyəm. Amma təəsüf ki, bu şəhərdə əl açdığım insanlardan kimsə heç bir Peyğəmbərin əldə etmədiyi mükafatı qazana bilmədi”.
Həqiqətən fərqinə varmadığımız kiçik bir sədəqə dünya və axirətimizi xoşbəxt, yaxud bədbəxt edə bilər. Bunu nəzərə alaraq bəzən insan kiçik sərvətini belə paylaşmaq həvəsinə düşür. Qarşına çıxıb əl açanları əliboş geri qaytarmağa ürəyin gəlmir. Amma...
... günlərin birində fərqinə varırsan ki....
eyni məkanda eyni adam hər dəfə qarşına çıxır. Səni kimi yüzlərlə adama əl açdığı üçün onun yadında qalmırsan və bəzən bir gündə 3-4 dəfə qabağına keçib Allah yolunda sədəqə istəyir. O zaman mərhum Mirzə Cəlil kimi başlayırsan sədəqənin fəlsəfəsini analiz etməyə.
Boş günlərin birində küçə dilənçiləri barədə kiçik bir axtarış apardım. Və gördüm ki, dilənçi deyə qarşımıza çıxanların önəmli bir hissəsi sanki “post-patrul” xidmətini həyata keçirir. Məsələn, “İnşaatçılar” metrostansiyası ətrafında 5 dilənçini ən azı 3 ildir eyni məkanda gördüyümün fərqinə vardım. Bunlardan 4-nü bu və ya digər səbəbdən kənara qoyuram. Lakin 5-cini gözardı etmək olmur. Metrodan 50-100 metr uzaqda, yolun kənarında daim qara uzun paltarlı, başında idman papağı və gözündə qara gün eynəyi olan bir adam dayanır. Onu ilk dəfə görən adam görkəmindən xüsusi xidmət orqanı əməkdaşına bənzədər. Amma 3 il hər gün eyni formada eyni yerdə görəndə içində bir ikrah hissi oyanır.
“Elmlər Akademiyası” stansiyasının ətrafında 4-5 dilənçini hər gün eyni yerdə görə bilərsiniz. Heç vaxt biri o birinin “sərhədini” pozmaz. Bir-biriləri ilə təxminən 15-20 addımlıq məsafədə “xidmət aparan” bu qoçaqlar harada dayanacaqlarını yaxşı bilirlər. Bir neçə ali məktəbin yaxını və gənclərin gur olduğu bir məkan. Duxun çatır sevdiyin qızla oradan keç. Ya qızın yanında pomidor kimi qızaracaqsan, ya da hər “postun” haqqını ödəyib canını qurtaracaqsan.
“Cavid bağı”nın öz “sahibləri” var. Burada əsasən, uşaqlar “fəaliyyət göstərirlər”. Səhərdən axşamadək ərazini nəzarətdə saxlayan “patrulların” gözündən yayınmaq mümkün deyil. Sevgililərin istirahət yeri sayılan bağda gəzmək istəsən, öncə lazımi “rüsumu” ödəməlisən. Əgər özünü ağıllı sayıb “patrulları” görməmiş keçmək istəsən, bircə anın içində haradan çıxdıqları bəlli olmaz, səni dövrəyə alarlar. Sonra da gözün görə-görə yanındakı qızın çantasını, paltarını, saçını didik-didik edərlər.
“Nizami” metrosundan Mərkəzi Univermağa gedən yolun kənarlarında təxminən 7-8 “post” qurulub. Heç vaxt növbə dəyişdirməyən bu “asayiş keşikçiləri” ərazidəki dini dükanların, restoranların və ticarət obyektlərinin qarşısında keşik çəkirlər. Bu zaman vətəndaşların vicdanını sızlatmaq daha asan olur. Dini dükana girib oradakı mühitdən təsirlənən adam çölə çıxarkən “Sən o aldığın müqəddəs kitab”, “Sən o qıldığın namaz”, yaxud “Sən o eşidilən Quran” ifadələrinin qarşısında əriyir və müvafiq “vergini” ödəyərək yoluna davam edir. Eləcə də restoranlara və ticarət obyektlərinə həyat yoldaşı, nişanlısı, sevgilisi ilə girənlərin məcburən üzü yumşaq olur.
Hələ “28 May”, “20 Yanvar”, “Gənclik” metrostansiyalarının ətrafında, “Torqovıy” adlanan ərazidə, eləcə də digər məkanlarda müşahidə etdiyim “patrulları” saymamışam.
Allah yolunda təcavüz?
Başqa bir mətləbə də toxunum. Mir Mövsüm Ağanın İçəri şəhərdəki evinə ziyarətə getmişdik. Evin içi adamla dolu olduğundan bir qisim ziyarətçilər həyətə toplaşmışdı. Bu zaman boyu təxminən 185 sm, qarabuğdayı, xırda saqqallı, sağlam bədənli, cüssəli bir oğlan həyətə daxil olaraq tükürpədici bir səslə mərsiyə oxumağa başladı.
Getdikcə səsindəki qəmgin tonları artıran oğlan bir kənarda dayanan 4 qadına yaxınlaşdı: “Allah yolunda mənə çörək pulu verin”. Bu vaxt qadınlardan 45-50 yaşlarında olan biri “Ay oğul, maşallah sağlam oğlansan, niyə gedib işləmirsən, ayıb deyilmi dilənməyin?” dedi və dediyinə peşman oldu. Oğlan az qalır qadını öldürsün. Atılıb qadının üstünə ağzına gələni deyir: “Yekə arvadsan, 5 qəpik verəcəksən, məsləhət verirsən. Sənin məsləhətinə ehtiyacım yoxdur. Görüm oğlun da mənim kimi küçələrə düşüb dilənsin! Necə də həyasız adamsan!” və sair. Tüklərimiz biz-biz olmuşdu. Nəhayət qadını qəzəblənmiş “patrulun” əlindən xilas etdik. Oğlan əsəbi halda yaxındakı kranda əllərini yudu və söyə-söyə ərazidən uzaqlaşdı.
Ənənəvi dilənçilərdən keçək, bir-iki kəlmə də yeni, modern dilənçilərə. Bunlar özlərinə dilənçi deyilməsinə icazə vermirlər. Əgər çaşıb dilənçi desən, tutub adamı döyərlər. Onlar sadəcə təsadüfən yolda “pulları qurtarmış” və ya “cibi soyulmuş” vətəndaşlardır. Yəqin ki, belələrinə rast gəlmisiniz. Qəfildən qabağına səliqəli geyim-kecimli cavan bir oğlan çıxıb “Qardaş, Mərdəkana qayıtmalıyam, pulum qurtarıb, imkan varsa, 1-2 manat kömək edərdin” deyir. Tələsik çıxarıb istədiyini verirsən. Üstündən 2 dəqiqə keçməmiş həmin oğlanın başqa birinə də yaxınlaşıb eyni cümləni işlətdiyini görürsən və avam olduğun üçün dönüb özün özünü söyürsən.
Dənizkənarı bulvarda və ona yaxın ərazilərdə bəzəkli-düzəkli bir qadın hər gün (!) iki balaca uşağın əlindən tutub gəzdirir, daha doğrusu hər addımbaşı adamlara yaxınlaşıb “bağışlayın, bəlkə bir manatınız ola?” deyir. Uşaqları da elə geyindirib-keçindirib ki, elə bil bəy balalarıdır, əllərində də oyuncaqlar, şokalad, popkorn və s. Elə qadının özü də modabazlıqda uşaqlarından geri qalmır. Artıq deməyə söz də tapmırsan, daha doğrusu bu vəziyyəti özün üçün izah etməyə də çətinlik çəkirsən.
Yaxud da yeni dəbə minən “bağışlayın, üstümü soyublar, pulumu, telefonumu oğurlayıblar, mənə yolpulu verə bilərsiz?” müraciəti. İndi gəl hər gün rastlaşdığın bu “soyğunçuluq” qurbanlarından baş çıxart görüm necə çıxarırsan. Onu ifşa etmək üçün bir söz de, gör səni necə ağ yuyub qara sərirlər.
Yaxud axşamtərəfi gözdən uzaq küçələrdən yolun düşməsin. Bir də görürsən ki, bir nəfər səndələyə-səndələyə qabağını kəsdi: “Salam brat. Məni tanıyırsan?”. Əslində sənin onu tanıyıb-tanımamağının heç bir mənası yoxdu. Əsas odur ki, ovçu öz ovunu tanıyır. Bir xeyli çərənləyəndən sonra “Qardaşımsan, balaca problemim var, mənə 3-dən, 5-dən kömək edə bilərsən?” deyə həris gözlərini ciblərinə zilləyir. 100 faiz əmin olursan ki, ya alkaşdır, ya da narkoman. Amma gəl vermə görüm, necə vermirsən? 2-3 manata heyfin gəlib uzaqlaşmaq istəyərsən, inan o qaranlıqda bıçağı düz ürəyinə saplayar. Çarəsiz bu “patrulun” da haqqını verib sakitcə yoluna davam edirsən. Ta ki növbəti “patrulla” rastlaşanadək... Sanki Bakıda qeyri-rəsmi fövqəladə vəziyyət elan olunub...
Sözardı arayış:
Bakıdakı dilənçilərin gündəlik fəaliyyətini diqqətlə araşdırmış bir jurnalist tanışımın hesablamalarına görə, Bakı dilənçilərinin gündəlik “dövriyyəsi” və yaxud ümumi qazancı 20 min manatdan yuxarıdır. Jurnalistin müşahidələrinə görə, dilənçilər iki qismə bölünür: ştatlılar və “yalquzaqlar”.
Onun dediyinə görə, ştatlılar vahid mərkəzdən idarə edilir və necə deyərlər, “faizə işləyənlərdir”. Ştatlılar həmişə şəhərin konkret nöqtələrində - küçə, avtobus, metro, yeməkxanalar və s.-də peyda olurlar, yerləri nadir hallarda dəyişilir.
“Yalquzaqlar” isə doğrudan da, ehtiyac üzündən dilənirlər və onların konkret əraziləri yoxdur, harda gəldi dilənirlər.
Şakir
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55