Məlum olduğu kimi, fevralın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Gənclər Günü münasibətilə gənclərlə böyük bir toplantı keçirib. Ölkə başçısı onlara öz tövsiyyələrini verib, gənclərin dövlətin diqqət mərkəzində olması ilə bağlı mühüm mesajlarını çatdırıb.

Prezidentin gənclərə xüsusi diqqəti, onların ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutmaları üçün verdiyi mesajlar cəmiyyət tərəfindən də müsbət qarşılanıb.

Bu barədə fikirlərini Unikal.org-la bölüşən Milli Məclisin deputatları bildiriblər ki, Parlamentin gəncləşməsi, həm hökümətin tərkibinin dəyişərkən gənclərə üstünlük verilməsi, gənclərin bütün təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsi  ilə bağlı aparılan siyasət gənclərin ölkə həyatında aktiv iştirakı üçün imkan yaradıb.

Cavid Osmanov: “İlham Əliyev gəncləri özünə arxa hesab edir”

Deputat Cavid Osmanov bildirib ki, Cənab prezident gənclərin forumunda onlarla görüşüb, dəyərli fikirlər söyləyib:

"Bütün Azərbaycan gəncliyinə tövsiyyə xarakterli çıxış etdi. Bir vaxtlar ulu öndər Heydər Əliyev də hakimiyyətə gələndə gənclərlə görüşmüşdü. O zamandan başlayaraq ölkədə gənclər siyasəti uğurla davam etdirildi. 2003-cu ildən bu günə qədər biz görürük ki, cənab Prezident gənclərin önə çəkilməsi, onlara dövlət qayğısının göstərilməsi istiqamətində çox ciddi addımlar atır. Biz növbəti dəfə gördük ki, prezident İlham Əliyev gəncləri özünə arxa hesab edir, ona görə də atdığı bütün addımları gənclərə istiqamətləndirir. Prezidentin hakimiyyətdə olduğu illərdə gənclərə hər zaman önəm verilib, gənclərə etimad göstərilir, dövlət orqanlarında və idarəçilikdə gənclərin sayı çoxalır.

Tahir Mirkişili: “Parlamentin və hökümətin gəncləşməsi...”

Milli Məslisin digər üzvü Tahir Mirkişili hesab edir ki, bu gün dünyada 4-cü sənaye inqilabı baş verir və biz də ciddi dəyişikliklər ərəfəsindəyik:

“Ölkənin iqtisadi cəhətdən inkişafı, həm rəqabət qabiliyyətinin artırılması, həm də insan kapitalının inkişafı ilə bağlıdır. Bu cəhətdən gənclərin idarəetmə prosesində, mühüm rol oynaması ölkənin inkişafına təsir edən amillərdəndir. Ona görə də təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyevin gənclərə diqqət və qayğısı ölkədə gənclik siyasətinin formalaşmasına təkan verdi. Parlamentin gəncləşməsi, həm hökümətin tərkibinin dəyişərkən gənclərə üstünlük verilməsi, gənclərin bütün təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsi  ilə bağlı aparılan siyasət gənclərin ölkə həyatında aktiv iştirak üçün imkan yaratmışdır. Onlar daha yaxşı təhsil almalı, dünyada baş verən proseslərə qoşulmalı, daha yaxşı texnoloji biliklərə sahib olmalıdırlar. Ölkə başçısının gənclərlə görüşməsi və onlara tövsiyyələr verməsi mühüm addımdır. Ölkənin inkişafı birbaşa gənclərdən asılıdır. Gənclər əldə etdiyi prezident dəstəyi ilə daha çox yaradıcı təşəbbüsünə və imkanına malik olacaqlar”.

Naqif Həmzəyev: “Gənc nəslin çiyinlərinə daha ağır yük düşüb”

Deputat Naqif Həmzəyev isə bildirib ki, gənclərsiz cəmiyyəti, gələcəyi təsəvvür etmək mümkün deyil:

“Gənclər bu günümüzün aparıcı qüvvəsi, işıqlı sabahımızın təminatçılarıdırlar. Məhz, buna görə də müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdə gördüyü ilk işlərdən biri gənclərin dövlət təşkilatının - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, ümummilli lider ölkədə gənclər siyasətinin əsasını qoydu, ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması üçün məqsədyönlü, parlaq gələcəyə hesablanmış, həllivacib islahatların həyata keçirilməsi üçün fərman və sərəncamlara imza atdı. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk dəfə bir yerə toplaşdığı forum keçirildi. 1997-ci il fevralın 2-si imzalanan fərmana əsasən, ölkədə Gənclər Günü qeyd edilməyə başlandı. Bununla da gəncliyin inkişafına dəstək dövlət siyasəti yeni vüsət aldı.

Dahi şəxsiyyətin başlatdığı gənclər siyasəti bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hər zaman gənclərin yanında olan, gənclərə böyük diqqət və qayğı ilə yanaşan ölkə Başçısının rəhbərliyi ilə Azərbaycan gəncliyinin bu günü və sabahı naminə dövlət qayğısının günbəgün artırldığının bariz nümunəsi olan gənclərlə bağlı Dövlət Proqramları Azərbaycan gənclərinə ən böyük töhfə olub. 2005-ci il avqustun 30-da

“Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2005-2009-cu illər), “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi və həyata keçirilməsi gənclər siyasətinə, gənclərlə iş sahəsinə mühüm nailiyyətlər gətirdi. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsində Dövlət Proqramları özünü doğrultdu və üçüncü dəfə ölkəmizdə gənclər sahəsi üzrə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul olundu. Əvvəlki təcrübədən yararlanaraq bu Dövlət Proqramında da gənclərin maraqları tam təmin olundu və onların artıq ideya müəllifi kimi çıxış etməsinə şərait yaratdı. Beləliklə, bu sənəd gənclərin qarşısında yeni üfüqlər açdı. Gənclər yalnız gələcəyin yox, bu günün də liderlərinə çevrildilər. Onların fikirləri, ideyaları, enerjiləri həm bu günümüzə, həm də gələcəyə yeni pəncərədən baxmağa imkan yaratdı. Gənclərimizin, mətanətli, qüdrətli, məqsədyönlü, daim axtarışda olmaq xarakteri onların Vətən məhəbbətində, əməyə vicdanlı münasibətində də öz təcəssümünü tapıb. Azərbaycan gəncləri dünya miqyasında, beynəlxalq tədbirlərdə layiqincə təmsil olunurlar. Onlar mötəbər kürsülərdən xalqımızın haqq səsini dünyaya yayır, dünya ictimaiyyətin əsl həqiqəti bilməsi üçün yorulmadan, usanmadan fəaliyyət göstərirlər. Bu gün xalqımızın qəhrəmanlıq tarixini, mübarizlik salnaməsini də şərəflə yazan gənclərimizdir. Mübariz, Fərid, Murad, Samid kimi yüzlərlə, minlərlə igid, mərd qəhrəmanlarımızla, Vətən oğulları ilə fəxr edirik.

Müstəqilliyimizin qorunub saxlanılmasında və əbədi olmasında gənc nəslin çiyinlərinə daha ağır yükün düşdüyünü qeyd edən ulu öndər Heydər Əliyevin arzuları bu gün yerinə yetirilib. “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azəbaycan Prezidenti kimi mən bugün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”- deyən dahi şəxsiyyət zamanın gənclərinə böyük ümidlə baxıb, onları Azərbaycanın milli sərvəti hesab edib. Məhz bunun üçün bu günün vətənpərvər gəncləri özlərini müstəqil Azərbaycan dövlətinin əsl sahibi hiss edir, gündən-günə gözəlləşən, tərəqqi edən ölkəmizin inkişaf etdirilməsində, beynəlxalq aləmdə qazandığı nüfuzun qorunub saxlanmasında üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edirlər”.

Famil Fərhadoğlu