Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə yayılan polisin küçə ticarəti ilə məşğul olan azyaşlıya təzyiq göstərməsini özündə əks etdirən videogörüntülərə münasibət bildirib.

Unikal.org xəbər verir ki, BŞBPİ-nin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə polisin azyaşlı uşağa qarşı təzyiq göstərməsi ilə bağlı yayılan videogörüntülər həqiqəti əks etdirmir: "Nərimanov rayon Polis İdarəsində "Təhlükəsiz Şəhər" kamerasının vasitəsi ilə bu videogörüntü hərtərəfli araşdırılıb, orada iddia olunan hallar təsdiqini tapmayıb. Azyaşlı uşağa və ya hansısa vətəndaşa zor tətbiq edilməsi ilə bağlı hərəkətlər müşahidə olunmayıb. Həmçinin azyaşlı özü və onun valideynləri müəyyən olunaraq onlarla profilaktiki söhbət aparılıb, bu əməlinin qanunazidd olduğu izah edilib".

Qeyd edək ki, sosial şəbəkələrdə bakıda küçə ticarəti ilə məşğul olan azyaşlıya polis əməkdaşının təzyiq etməsinə dair video görüntülər yayılıb. Görüntüdən belə məlum olur ki, Nərimanov RPİ-nin inzibati ərazisində xidmət aparan polis naryadı avtomobil yolunun hərəkət istiqamətində qanunsuz küçə ticarəti ilə məşğul olan azyaşlını bu əməlindən yayındırmağa çalışır.