BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Qərbi Kaspi Universitetində tələbələrlə görüşüb.
Unikal.org xəbər verir ki, Q.İsaqzai tələbələr qarşısında çıxış edib, BMT-nin fəaliyyəti, prioritetləri barədə məlumat verib. Qonaq eyni zamanda BMT-Azərbaycan əlaqələri barədə danışıb, Azərbaycanın BMT-lə əhəmiyyətli əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib. Q.İshaqzai Azərbaycanın BMT çərçivəsində görülən işlərə töhfələr verdiyini, bu xüsusda qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə ölkəmizin fəal şəkildə iştirakını vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavab verərkən qonaq təmsil etdiyi təşkilatın Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edən dörd qətnamə qəbul etdiyini xatırladaraq, bildirib ki, BMT Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə böyük maraq göstərir və tərəflərin bu istiqamətdə irəliləyişlərə nail olması üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyir.
Q.İshaqzai tələbələrlə fikir mübadiləsindən məmnunluğunu bildirib, onlara təhsil üçün Qərbi Kaspi Universitetində yaradılmış gözəl şəraitdən lazımınca yararlanmağı tövsiyə edib.
Daha sonra qonaq universitetlə tanış olub. Rektor universitetin fəaliyyəti barədə məlumat verərək bildirib ki, son illərdə tədrisin keyfiyyətinin artırılmasına və modernləşdirilməsinə yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirilib. Ötən tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub. Burada ardıcıl olaraq məktəblilərin və tələbələrin iştirakı ilə təlimlər, praktik işlər, eləcə də müsabiqələr təşkil edilir. Qonaq Mərkəz və laboratoriyalarında yaradılmış şəraitlə, Texnoparkda tələbələrin mühəndislik sahəsi ilə bağlı işləri ilə tanış olub. Q.İshaqzai universitetin infrastrukturunun, maddi-texniki bazasının yüksək səviyyədə olduğunu, bunun keyfiyyətli təhsil üçün əhəmiyyətini qeyd edib.