Texnoloji nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi qaydası dəyişib.
Unikal.org-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyi (FHN) bununla bağlı “Texnoloji nəqliyyat vasitələrinə, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılmasına dair Təlimat”da dəyişikliklər edib.
Fevralın 22-dən qüvvəyə minən dəyişikliklərə əsasən, artıq dövlət texniki baxışından keçmiş saz texnikalara texniki baxış talonu verilməyəcək, elektron talon tərtib olunacaq.
Bundan əvvəl FNH-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi hər il yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə müəyyən etdiyi yerdə nəqliyyat vasitələrinin ildə bir dəfə dövlət texniki baxışından keçirilməsini təşkil edib. Bundan sonra isə Dövlət Agentliyi müəyyən etdiyi yerdə nəqliyyat vasitələrinin ildə bir dəfə dövlət texniki baxışından keçirilməsini təşkil edəcək.
Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddət əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanacaq. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olacaq.
FHN tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin siyahısına aşağıdakılardır:
- Bütün növ vərdənələr (torpaqkipləyici, silindrli, titrəyişli, pnevmatik);
- Bütün növ yükləyicilər (frontal, çəngəlağız, çalovlu, teleskopik);
- Bütün növ qaldırıcı tipli texnoloji nəqliyyat vasitələri (teleskopik, qayçıvari, platforma tipli);
- Traktor bazasında quraşdırılmış müxtəlif təyinatlı texnoloji qurğu və avadanlıqlar (qaynaq aqreqatı, kompressor, nasoslu aqreqat, kran);
- Ekskavator üzərində quraşdırılan müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (hidravlik çəkic, betondağıdan, kran);
- Yolsüpürən texnoloji nəqliyyat vasitəsi;
- Dağ-mədən sənayesində istifadə olunan texnoloji nəqliyyat vasitələri;
- Yol tikinti texnikaları (mobil asfalt zavodu, borudüzən, yolnişanlayıcı nəqliyyat vasitələri);
- Asfaltqaşıyan maşınlar;
- Çalaqazan texnoloji nəqliyyat vasitələri;
- Boruəyən maşın;
- Yol freyzeri;
- Asfaltdöşəyən nəqliyyat vasitəsi;
- Təkərli kompressorlar;
- Borudüzən nəqliyyat vasitəsi;
- Qreyderlər;
- Skreperlər;
- Təkərli mexanizmlər;
- Təkərli qaynaq aqreqatları;
- Təkərli generatorlar;
- Qat təmizləyən traktorlar;
- Ekskavatorlar;
- Buldozerlər;
- Elektromühərriklə işləyən nəqliyyat vasitələri;
- Qoşqulu və yarımqoşqulu mexanizmlər;
- Tırtıl və təkər üzərində quraşdırılmış müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (mobil konteyner, tırtıllı transportyor, payavuran, kran).