Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı sosial çarxda Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, nazirliyin "Dost" Mərkəzləri ilə bağlı hazırladığı marifləndirici sosial çarxda Azərbaycan bayrağı tərsinə asılıb. Belə ki, video çarxın 24-cü saniyəsində paralimpiyaçı uşaq su hovuzunda üzərkən divarda asılan bayraqda mavi və yaşıl rənglərinin yeri səhvdir. Həmin video-çarx 09 fevral 2019-cu il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi "Youtube" səhifəsində paylaşılıb.
Sözügedən məsələ ilə bağlı Unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, sosial rolik çəkilişindən sonra bayrağa olunan yalnışlıq aradan qaldırılıb və həmin görüntü ilə bağı nazirlik açıqlama verəcək.
Müqayisə üçün qeyd edək ki, keçən ilin 26 iyun tarixində Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda asılan Azərbaycan bayrağının fotosunu təqdim edirik.
Qeyd edək ki, Nazirlər Kabinetinin son “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında" 21 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, dövlət bayrağının mavi deyil, yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.
Famil Fərhadoğlu