Fevralın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Unikal.org
xəbər verir  ki, tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı tarixin müxtəlif dövrlərində erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən danışıb. Xocalı soyqırımının insanlığa qarşı törədilən cinayətlər arasında xüsusi amansızlığı ilə seçildiyini qeyd edən rektor, professor M.Babanlı 1992-ci il fevralın 25-dən 26-na keçən Xocalıda dinc sakinlərə qarşı törədilmiş qətliyamın dünya miqyasında bəşəriyyətə qarşı cinayət kimi tanıdılmasının əhəmiyyətini vurğulayıb və bu işdə gənc nəslin fəal iştirak etməli olduğunu bildirib.
Millət vəkili, ADNSU-nun kafedra müdiri, professor Hüseynbala Mirələmov Xocalı soyqırımının Azərbaycan xalqının sağalmayan yarası, qan yaddaşı olduğunu vurğulayıb. Millət vəkili H.Mirələmov Xocalı soyqırımına hüquqi qiymət verilməsi istiqamətində Azərbaycan Respublikasının apardığı təbliğat işləri, xüsusilə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə illərdir ki, aparılan Xocalıya Ədalət kampaniyası sayəsində dünya ictimaiyyətinin Xocalı faciəsi haqqında məlumatlılıq səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını qeyd edib. 
ADNSU-nun İctimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev də çıxışında erməni millətçilərinin Azərbaycan torpaqlarına olan ərazi iddialarından, xəyanətlərindən danışıb və tarixi xronolji hadisələri təhlil edib. 
Xatırladaq ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. Xocalı soyqırımı zamanı 106 nəfər qadın, 63 nəfər azyaşlı uşaq, 70 nəfər qoca olmaqla 613 nəfər xüsusi vəhşiliklə və amansızcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-sinin taleyi hələ də məlum deyil.