Gəncə hadisələri ilə bağlı həbs edilən daha 8 nəfərin məhkəməsi başlayır.
Unikal.org “Report"a istinadən xəbər verir ki, bir neçə maddə ilə ittiham edilən Həbib Qurbanov, Emil Məmmədov, Vüqar Yusifov, Mirzə Hüseynov, Asif Vəliyev, Şahin Vəliyev, Elmir Hüseyn-zadə və Bəkrəm Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Cinayət işində 17 zərərçəkmiş var.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.
Xatırladaq ki, bir neçə qrupun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən araşdırılır.