Rusiya Federasiyasının Azərbaycandan idxal edilən pomidorların Türkiyə istehsalı olması ilə bağlı iddiaları elmi deyil.
Unikal.org bildirir ki, bunu publika.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.
Onun sözlərinə görə, məhsulların Türkiyə istehsalı olması barədə rəydə də fikirlərin ehtimal olduğu deyilib:
"Rusiya Federasiyasının Dağıstan Gömrüyünün Dərbənd Gömrük məntəqəsinin sifarişi əsasında Azərbaycandan Rusiyaya ixrac edilən pomidor məhsullarının mənşəyinin müəyyən edilməsi üçün gömrük ekspertizası aparılıb. Bu ekspertizanın bizə göndərilən nəticəsində bizim pomidorların Türkiyə mənşəli olduğu ehtimal edilir. Onlar həm pomidor, həm də onun qutusu üzərindəki bitki tozcuqlarını analiz edərək bu qənaətə gəliblər. Söyüd, palıd, tozağacı, şam, vələs ağacları, quşüzümükimilər -pomidor, badımcan, unluca, qarğıdalı və buğda tozcuqlarını pomidorların üzərində aşkar ediblər.
Qeyd edilir ki, bu bitkilər daha çox Türkiyədə becərilir, ona görə də pomidorların Türkiyə mənşəli olduğu iddia edilir. Lakin bu, tamamilə yanlış fikirlərdir. Çünki hər kəs sadaladığımız bitkilərin Azərbaycanda geniş yayıldığını bilir. Belə bir arqument də irəli sürülür ki, pomidorlar üzərində aşkarlanan tozcuqlara qutular üzərində rast gəlinmir. Lakin nəzərə almaq lazımdır ki, pomidorlar məhsul əldə olunana qədər açıq sahədə digər bitkilərlə kontaktda olur. Onun idxal edildiyi qutular isə qapalı şəraitdə istehsal edilir. Onlara qısa müddətdə məhsul dondurularaq yola salınır. Eyni zamanda, pomidorun tozcuğu öz üzərində saxlama qabiliyyəti qutulardan dəfələrlə yüksəkdir. Respublikanın müxtəlif yerlərində istehsal olunan məhsulların hamısı Xaçmaz rayonuna yola salınır və orada təkrar qablaşdırılaraq ixrac olunur. Həmin bitkilərin üzərindəki tozcuqlara burada da yoluxa bilər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Rusiya Federasiyasının Azərbaycandan idxal edilən pomidorların Türkiyə istehsalı olması ilə bağlı iddiaları elmi deyil. Turizm şirkətlərinin internet resurslarına əsaslanaraq bitkilərin yetişdiyi bölgələr müəyyən edilib və buna uyğun da qərar verilib. Çünki özləri də Azərbaycanın bitki örtüyünün zəngin olduğunu həmin ekspertizanın rəyində qeyd ediblər. Lakin sonra kobud səhv buraxaraq həmin bitkilərin Azərbaycanda bitmədiyini qeyd ediblər".
C.Quliyev onu da bildirib ki, Rusiya yalnız bu qadağanı pomidorlarla bağlı vermişdi:
"Bəzi mətbuat orqanlarında kartof məhsullarının da geri qaytarıldığı bildirilib. Bu, yanlış məlumatdır. Qərar yalnız pomidorla bağlı verilmişdi. Rusiyanın apardığı analiz kartoqrafik analiz adlanır və bununla da pomidor bitkisinin mənşəyinin müəyyən edilməsi yanlış yanaşmadır. Həmçinin verilən məlumatda bu iddianın ehtimal olunduğu deyilib. Ehtimalla bir ölkə digər ölkənin məhsullarını geri qaytarmamalıdır".
Xidmət rəisi iki ölkə arasında yaşanmış hadisə ilə bağlı artıq danışıqların aparıldığını və məsələnin həll edildiyini dedi:
"Geri qaytarılan məhsulların xarab olması barədə yayılan məlumatlar da həqiqəti əks etdirmir. Çünki onlar xüsusi soyuducularda saxlanılıb. Geri qaytarılan məhsullar isə ən pis halda daxili bazarda satıla bilər. Bununla yanaşı, artıq problem həll olunub. Heç məhsul itkisi baş verməyib. Bu barədə iradlarımızı, arqumentlərimizi Rusiya Səfirliyinə bildirmişik, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirlikləri səviyyəsində danışıqlar aparılıb. İnanırıq ki, bu proses bir daha təkrar edilməyəcək. Çünki Rusiya tərəfinin arqumentləri ciddi deyildi.".
C.Quliyev onu da əlavə edib ki, Rusiyanın müvafiq qurumunun əməkdaşları bu ilin əvvəlində Azərbaycanda olub. Onlar Azərbaycanda keyfiyyətli məhsul idxal etməkdə maraqlıdır.
"Bizim Türkiyə ilə münasibətlərimiz var və bu ölkədən də məhsullar ölkəmizə idxal edilir. Lakin həmin məhsulların Rusiyaya idxal edilməməsinə nəzarət edilməsi üçün xüsusi komissiya yaradılıb. Bizim məhsullara bu il Rusiya bazarında ciddi ehtiyac var. Rusiya ilə əlaqə saxlamışıq, bazarda bir neçə ölkədən idxal edilən pomidor satılır, iki saat ərzində Azərbaycan məhsulları bitir. Ötən il Rusiyaya 68 min ton pomidor göndərmişdik. Bu daha çox ola bilərdi,lakin Rusiyada devalivasiya bu prosesə mənfi təsir göstərdi. Fərqli problemlər çıxmasa, Rusiya keyfiyyətli məhsulda maraqlı olsa, bu il idxalda artım olacaq. Bu ilin əvvəlində Rusiya rəsmiləri ilə görüşdə də onlara da sübut etdik ki, Azərbaycanın idxal gücünün artması Türkiyədən idxalla bağlı deyil. Bu gün Azərbaycanda istehsal olunan pomidorun 9-12%-i Rusiyaya idxal edilir. Türkiyədən idxal edilmiş pomidoru Rusiyaya satsaq, o zaman idxal gücünü 10 dəfəyə qədər artıra bilərdik. Lakin bu il təxminən 2 dəfəyə qədər artım olacaq. Azərbaycandan yalnız Rusiyaya deyil, digər ölkələrə də idxal artıb. Bizdən Rusiyaya xiyar idxalı 1000 tona qədər olub ki, bu da ötən illə müqayisədə 550 dəfə artım deməkdir. Kənd təsərrüfatı məhsulları üzrə ixracımız bu ilin 5 ayı ərzində dəfələrlə artıb".