Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) üzrə ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirilib.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a bildirilib ki, tədbir iştirakçiları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov qeyd edib ki, ölkə 1993-cü ilin yayında vətəndaş müharibəsi astanasında olarkən xalqın bütün ümidi ulu öndər Heydər Əliyevə idi. O vaxt xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider qısa müddətdə respublikada ictimai-siyasi vəziyyəti sabitləşdirərək ölkəmizin inkişaf yoluna qədəm qoyması istiqamətində mühüm addımlar atdı.

S.Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərildiyini, ölkənin regionlarında, eləcə də paytaxtda bu sahədə vəziyyətin kökündən dəyişdiyini, dövlət başçısının sərəncamları ilə ayrılan vəsaitlərin yol infrastrukturunun dinamik inkişafına yol açdığını və bu istiqamətdə həyata keçirilən məqsədyönlü, sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisinin, yenidən qurulmasının həcminin ildən-ilə artdığını vurğulayıb.

YAP Nəsimi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayev deyib ki, AAYDA üzrə 3 minədək partiya üzvündən 700-ə yaxın əməkdaşın YAP Nəsimi rayon təşkilatının qeydiyyatında olduğunu və təşkilat tərəfındən keçirilən bütün tədbirlərdə ilk ərazi təşkilatı üzvlərinin aktiv iştirak etdiyini diqqətə çatdırıb. Ə.Qocayevin təklifi ilə Gənclər Birliyinin İdarə heyətinin 9 nəfərdən ibarət tərkibi, birliyinin sədri və sədr müavinlərinin seçilməsi səsə qoyulub. Səsvermənin nəticəsinə uyğun olaraq, Mehman Musayev Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı AAYDA üzrə ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri, Elmar İntiqam və Günay İsrafilli isə sədr müavinləri seçilib.

O, YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin konfransına nümayəndələrin də seçilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı AAYDA-nın YAP Nəsimi rayonu üzrə ən böyük ərazi təşkilatı olduğunu bildirib, sözügedən təşkilatın nümunəvi təşkilat olaraq partiyanın inkişafına öz layiqli töhfəsini verdiyini vurğulayıb.