“UNEC-100” İnkişaf strategiyasında universitetin 2030-cu ilədək beynəlmiləl universitetə çevrilməsi strateji məqsədlərdən biri kimi təsbit olunub.
Unikal.org xəbər verir ki, UNEC-in beynəlmiləlləşməsinin daha da genişləndirilməsi məqsədilə strategiyada hədəflər və fəaliyyət istiqamətləri müəyyən edilib. Belə ki, UNEC-də əcnəbi tələbələrin payının artırılması üçün hədəf ölkələrdə UNEC-in imicinin yüksəldilməsi, qəbul ofislərinin açılması, beynəlxalq vasitəçi təhsil şirkətləri ilə effektiv və səmərəli əlaqələrin qurulması, o cümlədən ali məktəblərə qəbul üzrə beynəlxalq statuslu imtahanların nəticələri əsasında tələbə qəbulu imkanlarının genişləndirilməsi nəzərdə tutulub.
Hazırda bakalavr və magistratura pilləsi üzrə dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom proqramları reallaşdırılan UNEC-də 2030-cu ilədək bu proqramların sayının davamlı artırılması istiqamətində məqsədyönlü işlər aparılır. Strategiyaya görə, UNEC nüfuzlu universitetlərlə bakalavr, magistratura və doktorantura üzrə beynəlxalq ikili diplom proqramların sayını 10-a çatdırmağı və ingilis dilində təhsil proqramlarının sayını davamlı artırmağı hədəf seçib.
UNEC-də kadr potensialının gücləndirilməsi və bu istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması məqsədilə 2030-cu ilə qədər beynəlxalq mübadilə proqramlarında iştirak edən tələbə, müəllim və inzibati işçilərin sayının artırılması da nəzərdə tutulub. Bu məqsədlə effektiv əcnəbi tələbələr ofisinin yaradılması, beynəlxalq mübadilə tələbəsi statusunun müəyyən edilməsi və onlar üçün prosedurların sadələşdirilməsi, beynəlxalq tərəfdaşlarla əlaqələrin effektivliyinin artırılması sənəddə əks olunub. Eyni zamanda əcnəbi tələbə və müəllimlərə Azərbaycan dilini, UNEC-in akademik və inzibati heyət üçün isə xarici dil öyrənmək imkanının yaradılmasına da yer verilib.
Strategiyaya əsasən, ingilis dilində təhsil proqramlarının sayını davamlı artırmaq məqsədilə müasir standartlara cavab verən Xarici Dil Mərkəzinin formalaşdırılması və tələbələr üçün ingilis dilində hazırlıq proqramlarının təklif edilməsi təmin olunacaq.