Kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi üçün Azərbaycanda ilk dəfə olaraq 11 - 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

Unikal.org xəbər verir ki, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “Hackathon” müsabiqəsi, “Kibertəhlükəsizlik Həlləri üzrə Seminar”, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “ISO 27001” üzrə Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidmətləri: Kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı” və s. bu kimi mövzularda tədbirlər təşkil ediləcək. 

Məlumat üçün bildiririk ki, “Kibertəhlükəsizlik həftəsi” Azərbaycan Respublikası Prezidentinin müvafiq  Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda kibertəhlükəsizlik sahəsində qarşıya qoyulmuş vəzifələrdən irəli gələn məsələlərin həlli üzrə reallaşdırılır.

Sözügedən sənədlərdə özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində müvafiq texniki və metodiki vasitələrin yaradılması, informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlığın qaldırılması və s. bu kimi əsas məqsədlər qarşıya qoyulub.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçiriləcək.

Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir.  Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır. Foruma təkcə ölkəmizin deyil, eyni zamanda, region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların da nümayəndələri cəlb olunacaqlar.

Tədbirdə “Regionun Kibertəhlükəsizlik Məsələləri”, “Kibertəhlükəsizlik və Beynəlxalq Hüquq”, “Kibertəhlükəsizliyin İnnovativ Həlləri”, “Uşaqlar üçün Təhlükəsiz İnternet” kimi mövzularda sessiyalar təşkil olunacaq.

Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak edəcəklər.
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Cyber Village” infosessiyasında uşaqlar üçün təhlükəsiz internet mövzusunda  “Azercell Telekom” MMC –nin “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlimlərinə dair təqdimatı keçiriləcək.  Qeyd edək ki, “Azercell”in təşəbbüsü və təşkilatçılığı ilə məktəblilər, valideynlər və müəllimlər üçün keçirilən bu təlimlər 2 həftə ərzində Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən Şəmkir (4-7 mart) və Gəncə (11-15 mart) şəhərlərində baş tutacaq.

Qeyd edək ki, ölkəmiz İnternet İdarəçilik Forumunun aktiv iştirakçısı və təşkilatçısıdır. 2012-ci ildə Bakıda VII İnternet İdarəçilik Forumunun təşkil edilməsi ilə yanaşı, ölkəmizdə hər il Regional İnternet İdarəçilik Forumu keçirilməkdədir. 

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində nazirliyin Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi, “Azərpoçt” MMC və Yüksək Texnologiyalar Parkı tərəfindən Dövlət Radiotezliklər İdarəsinin tərəfdaşlığı ilə “Hackathon” müsabiqəsi təşkil olunacaq. 

Məqsəd informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllərin təqdim ediməsidir. Yarışlarda iştirak etmək üçün martın 7-nə qədər qeydiyyatdan keçmək zəruridir.  Yarışa komanda və ya fərdi şəkildə qoşulmaq mümkündür. 

İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində  (Python, C#, Java və ya Bash Scripting və s.) eləcə də, Server Əməliyyat sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik olmalıdır.
Qeyd edək ki, bütün maraqlı şəxslər (proqramçılar, sistem və ya şəbəkə inzibatçıları və s.) yarışda iştirak edə bilər.

I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim ediləcək. 

Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədi potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır. 

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Kibertəhlükəsizlik həlləri üzrə seminar”da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Microsoft” korporasiyasının kibertəhlükəsizlik haqqında analitik hesabatı təqdim olunacaq. Tədbirdə dünyada və Azərbaycanda olan müasir kibertəhlükələr haqqında statistika və analizlər barədə ətraflı məlumat veriləcək. Eyni zamanda, Əməliyyat Sistemlərinin (Windows/Linux), şəbəkə qurğularının (Router, Switch, Wi-Fi və s.) və tətbiqi proqramların loqolarının mərkəzləşdirilmiş intellektual təhlili və monitorinqi, inzibatçılar və kibertəhlükəsizlik mütəxəssisləri üçün nəzərdə tutulmuş alətləri nümayiş etdiriləcək.

Seminarda korporativ mühitdə istifadə edilən qurğuların kibertəhlükələrdən mühafizəsi, inventarlaşdırılması, yenilənməsi, onlara proqramların quraşdırılması, loqin və parolların kibermüdafiəsi, məlumatı avtomatik təsnifləmək, şifrləmək, təhlükəsiz paylaşma üsulları öyrədiləcək.
Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 12-16 mart tarixlərində Azərbaycan Standartlaşdırma İnstitutunun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin birgə təşkilatçılığı ilə “ISO/IEC 27001: 2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” standartı əsasında təlim təşkil ediləcək. 

Təlimin məqsədi “ISO/IEC 27001 – İnformation Security Management Systems” – informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə qəbul edilmiş beynəlxalq standartın tələblərini və tətbiq üsullarını yerli mütəxəssislərə öyrətməkdir.

Təlimdə beynəlxalq standartın bütün tələblərini öyrətmək ilə yanaşı, təşkilatlarda bu standartı tətbiq etmək üçün vacib olan rəsmi auditor statusunun alınması üçün beynəlxalq imtahan keçiriləcək.

Təlim çərçivəsində yerli mütəxəssislərin adıçəkilən beynəlxalq standartın tətbiqi və auditi üzrə IRCA (International Register of Certificated Auditors) təşkilatı tərəfindən qeydiyyata alınmış Azərbaycan Standartlaşdırma İnstitutunun Təlim-Tədris Mərkəzi və İdarəetmə Sistemlərinin və Personalın Sertifikatlaşdırma Orqanının direktoru Saday Əliyev və Türkiyə Respublikasının “Esenek” Eğitim Mərkəzinin rəhbəri Halil Çelik tərəfindən beynəlxalq imtahan keçiriləcək. Bu imtahanı uğurla keçən yerli mütəxəssislərə “ISO 27001” standartının tətbiqi üzrə baş auditor sertifikatı təqdim ediləcək.
Təlimdə qeyd edilən sahə üzrə sertifikatlaşmadan keçmək istəyən bütün təşkilatların nümayəndələri iştirak edə bilər. İştirakçılar sırasında əsasən iri İKT şirkətləri, telekommunikasiya operatorları və dövlət qurumlarının mütəxəssisləri yer alacaq. 

Təlim türk dilində keçiriləcək. 

12 mart tarixində təşkil olunacaq “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti” adlı tədbirdə rəqəmsallaşma dövründə kibertəhlükəsizliyin qorunub saxlanılması üzrə biznes fəaliyyəti və  həlləri barədə məlumat veriləcək. 

Həmçinin, tədbirdə “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi xidməti, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunacaq.

Bundan başqa,  “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 14 mart 2019-cu il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan Respublikasında CERT xidmətləri:  kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçiriləcək. Seminarda ölkədə fəaliyyət göstərən “CERT” xidmətlərinin nailiyyətləri, gələcək vəzifələri, insidentlərlə bağlı aidiyyəti qurumlar arasında informasiya mübadiləsi, beynəlxalq əməkdaşlıq perspektivləri, müvafiq xarici strukturlara inteqrasiya məsələləri ilə bağlı müzakirələr aparılacaq.