"Saqqalımı qırxmıram. Kənardan qəribə, qeyri-adi görünə bilər, amma bu da bir gözəllikdir və ümumiyyətlə, gözəlliyin standartları fərqlidir. Tanrı məni belə yaradıbsa, Yaradanın əmrinə qarşı çıxmaq niyyətində deyiləm".
39 yaşlı Rous Qell saqqallı qadındır. 13 yaşından bəri üzünə sıx tük çıxan Rousun sözlərinə görə, əvvəllər əziyyət çəkirdi.
"13 yaşımdan başlayaraq tam 20 il üzümü ülgüclə qırxırdım. Hər axşam güzgünün qarşısında duranda özümdən soruşurdum ki, Tanrı mənə niyə belə əzab verir?! 20 il sərasər... Altı il əvvəl isə üzümü qırxmağa son qoydum. Saqqal saxladım. İndi özümü əla hiss edirəm", - Rous deyib.
ABŞ-ın Oreqon ştatında yaşayan Rousun sözlərinə görə, axşamlar üzünü hamıdan gizli şəkildə qırxırdı. Bunu nəinki rəfiqələri, sevgililəri, hətta anası bilmirdi.
Rousun üzündə tüklər əvvəlcə bakenbardlarda sıxlaşmağa başlayıb. O, yetkinlik yaşına çatanda isə çənəsində, yuxarı dodağının üzərində və yanaqlarında da tüklər çıxmağa başlayıb.
Rous artıq sübh tezdən durmaq, üzünü qırxmaq məcburiyyətində qalmışdı. O, təhsil aldığı məktəbdəki ictimai tədbirlərə, rəfiqələri ilə əyləncələrə qatılmaqdan da boyun qaçırırdı.
Rous utanırdı.
O, üzündəki tükləri gizlətmək üçün daim uzun boğazlı sviter geyinirdi.
Lakin illərlə davam edən üz qırxmalardan, bahalı lazer epilyasiyası prosedurlarından sonra Rous üzündəki tükləri qırxmamğa qərar vermişdi.
"Günlərin birində anam üzümü gördü. Ailəm mənə ürək-dirək vermək, dəstək olmaq əvəzinə susdu. Sonra məni həkimə apardılar, müxtəlif həblər verdilər. Heç nə kömək etmədi", - Rous danışır.
Həkimlərin dediklərinə görə, Rous Qellin saqqallı olması, habelə bədəninin izafi tüklülüyü onun yumurtalıq polikistozu sindromuna mübtəla olması ilə bağlıdır.
8 ay əvvəl Rous Qell ümumiyyətlə ülgücü bir kənara atıb: "Saqqalımın uzanması asan olmadı. Emosional və fiziki baxımdan çətindi, çünki üzüm möhkəm qaşınırdı. Üzümü qırxmaq istəyirdim. Amma inad etdim, fikrimi dəyişmədim. İndi budur, sıx saqqalım var".