Pakistanda daha bir "namus cinayəti" törədilib. 18 yaşlı Zinət Rafiq sevdiyi gəncə qoşulub qaçdığı və ona ərə getmək istədiyi üçün qətlə yetirilib. Anası və qardaşı Zinətin əl-ayağını çarpayıya bağlayandan sonra onu qətlə yetiriblər, sonucda da yandırıblar.
Zinətin anası Pərvin Rafiqin dediyinə görə, qızını qətlə yetirib və bunu danmır.
"Müsəlmanıq, adətimiz, ənənəmiz var. Qızım isə hər şeyə tüpürdü. Elçilər gəlmişdi, onu nişanlamağa hazırlaşırdıq. O isə yaramazın birinə qoşulub qaçdı. Tutub qaytardıq, dilə tutduq, yalvardıq. Qulaq asmadı, qışqırdı, bağırdı. Dedi ki, imkan tapan kimi, o oğlana qoşulub qaçacaq, o oğlanın arvadı olacaq. Məcbur qalıb öldürdük. Oğlum qatil deyil. O, sadəcə mənə yardım etdi. Bütün günah məndədir, cinayəti mən törətmişəm", - Pərvin Rafiq deyib.
Pakistanın Lahor şəhərinin sakini Zinət Rafiq motosikllərin təmir sexində mexanik işləyən Həsən Xanı sevirdi. Polis zabiti Şeyx Həmmadın dediyinə görə, üç gün əvvəl Pərvin Rafiqlə oğlu Həsənin evinə gedərək Zinəti geri qaytarmağa çalışıblar.
"Arvadım etiraz etdi, getməyəcəyini dedi. Onlar heç nə demədilər, getdilər. Zinət sonra ağladı, mənə yalvardı, "Onlar məni öldürmək istəyirlər" dedi", - Həsən Xan söyləyib.
Həsən Xanın sözlərinə görə, onlar rəsmi nikah kəsdiriblər və bu barədə sənədləri də var.
Zinətin anası həbs olunsa da, qardaşı qaçaraq aradan çıxıb. Polis onu axtarır. (Milli.Az)