"İsmayıllı rayonunda sürüşmə bu il 25 mayda Basqal-Sulut yolunun 10-cu kilometrliyindən başlayıb".
 
Unikal.org bildirir ki, bunu "Report"a İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komisiyasının (FHK) sədri Rövşən Ağayev deyib. Onun sözlərinə görə, sonradan torpaq sürüşməsi Sərsurə kəndinə doğru hərəkət edib: "İyunun 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri hadisə yerinə baxış keçirib. Müəyyən olunub ki, torpaq sürüşməsi 600 metr məsafədə olmasına baxmayaraq,  Sərsurə kəndində sürüşmənin təsiri nəticəsində fəsadlar əmələ gəlib, kənd ərazisində qabarmalar və çatlar yaranıb". 

R.Ağayev vurğulayıb ki, hadisə zamanı 7 ev sürüşmənin qarşısında qalıb: "Sonradan təhlükə yaranmaması üçün həmin evin sakinlərinin köçürülməsi barədə qərar verilib, 7 ailə yaxın qohumlarının evinə köçürülüb. Ötən gün Qızıl Aypara Cəmiyyəti tərəfindən həmin ailələrə çadırlar paylanılıb. Çadırlar sakinlərin fərdi təsərrüfat işləri ilə məşğul olmaq üçün kəndə yaxın ərazilərdə qurulub".
İcra başçısnın 1-ci müavini qeyd edib ki, rayonda ötən gün yenidən yağış başlayıb və bu gün də leysan xarakterli yağışlar davam edir: "Sürüşməyə səbəb əraziyə normadan artıq leysan yağışlarının düşməsidir. Ehtimal var ki, sürüşmə prosesi davam edəcək. Mütəxəssislər də rəy veriblər ki, sürüşmə prosesi dayanmadıqca ərazidə tədqiqatlar aparmaq mümkün deyil".