8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 
Bəs, görəsən kökü xristianlara dayanan bu günün müsəlman ölkəsi olan Azərbaycanda qeyd olunması dini baxımdan nə dərəcədə doğrudur və bu durum dəstəklənirmi?


Qafqaz Müsəlmanları İdarəsi sədrinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə Unikal.org-a bildirib ki, İslam dinimizdə qadınlara hörmət, diqqət göstərmək üçün nə xüsusi gün, nədəki 8 Mart tarixi yoxdur:

“Dinimizdə qadınlara hər gün hörmət olunmasını tələb olunur.  İslam – elə bir təkrarolunmaz dindir ki, burada, digər dinlərdən fərqli olaraq, qadınlara hörmət, fəxr münasibətlər formalaşmışdır. Xeyir işlərinə görə Quran həm qadınlara, həm də kişilərə bərabər mükafat vəd edir. Bu bayramın dinlə heç bir əlaqəsi yoxdur. Amma, qadınlara hörmət olunursa bu bəyənilir. Din deyir ki, qadınlara hörmət qoy. Qadınlara Allah böyük dəyər verir.  Quranda məhz qadınlar haqqında surə var. Daha yaxşı olardı ki, bu gün qadınlar günü yox, analar günü olaydı. Bu daha gözəl olar. Deyə bilmərik ki, cənnət ataların ayağı altındadır. Amma, Peyğəmbərin belə bir hədisi var: “Cənnət anaların qədəmi altındadır”. Bu bizə əsas verir ki, analara ehtiram olunsun. Fərqi yoxdur bu bayramı xristian yaradıb, yoxsa başqa dinə mənsub olan şəxs. Əsas odur ki, yaxşılığın dini olmur. Yaxşılıq üçün din, millət lazım deyil. Hesab edirəm 8 Mart gününü də bəyənmək və təqdir etmək lazımdır. Əgər qadına bir gün hədiyyə alıb onu sevindirib, digər günlər ona əks cinsləri tərəfindən ZÜLM olunacaqsa din bunun əleyhinədir".

Famil Fərhadoğlu