"Oruc tutarkən bəslənməyə daha çox diqqət göstərilməli, yağlı yeməklərin qəbulundan çəkinməliyik. Yeməklərin ağır olmamasına, az yağlı və yağda qızardılmayan yeməklərin seçilməsinə diqqət yetirilməlidir. Orucluğun yay aylarına təsadüf etməsi düzgün qidalanmanı ön plana çəkir. Ramazan ayında günboyu yemək yeyilmədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət verilməlidir".
 
Unikal.org bildirir ki, Bunu APA TV-yə müsahibəsində qastroenteroloq Fərrux Nağıyev deyib.
 
"Xüsusən öd yollarında problem, mədəsində xora olan insanların oruc tutması tövsiyə olunmur. Çünki uzun müddətli acqalma sadaladığım problemləri orqanizmdə böyüdə bilər. Bu, öd qatılılığından əziyyət çəkənlər üçün ciddi narahatlığa yol açır. Oruc tutan insanların sahur zamanı səhər yeməyində daha kalorili qidalanması lazımdır. 16-17 saat orqanizmin ac qalması üçün səhər daha yaxşı olar ki, yumurtadan çox, çörəkdən az istifadə olunsun. Yeni çəkilmiş meyvə şirələri içilməlidir. Şokolad və qəhvə menyuda olmasa, daha yaxşıdır. Səhər yeməyi üçün az miqdarda düyü xörəklərindən də istifadə etmək olar. Eyni zamanda hər bir insan qidalanmasına fərqli yanaşmalı, daha doyumlu xörəklərə az miqdarda üstünlük verə bilər" - deyə həkim qeyd edib.
 
Fərrux Nağıyev deyir ki, hər vaxt təklif edildiyi kimi, bu ayda da balanslı qidalanmaq qoruyub saxlanmalıdır. Onun sözlərinə görə, orucluq ayında da pay sayının ən azı üç hissəyə bölünməsi məsləhət görülür. Belə bəslənmə şəklinə diqqət yetirməyən sağlam insanlarda zaman-zaman həzm çətinlikləri, mədə və bağırsaqlarda həddindən artıq qaz toplanması, anidən təzyiqin yüksəlməsi kimi problemlər yarana bilər. Xüsusilə bu dövrdə yeyilən unlu məmulatlar və yüksək kalorili qidalar çəkinin artmasına, kökəlməyə səbəb ola bilər. Oruc tutan insanlarda təzyiq yüksəkliyi, yorğunluq, unutqanlıq, diqqətsizlik, durğunluq, həzm çətinliyi, yuxuya meyl, əsəbilik və baş ağrısı kimi problemlər yarana bilər. Ona görə də şüurlu olaraq bəslənmə tərzini və düzgün qidalanma üsullarını bilmək lazımdır: "Tərəvəz, göyərti mənşəli qidalar sahura məsləhət görülmür. Çünki doyumluluğu çox deyil. Amma axşam iftarında vəziyyət tamamilə fərqli olur. Gecə saatlarına təsadüf edən iftar zamanı süfrədə olan nemətlərdən dərhal və ardıcıl olaraq qidalanmaq tövsiyə olunmur. İlk növbədə az miqdarda sudan istifadə olunmalı, daha sonra yarım pors şorba içmək məsləhətlidir. İlk qidanın qəbulundan 15 dəqiqə sonra isə ət xörəklərindən istifadə etmək olar. Amma uzun müddət ac qalmışam deyib, gec saatlarda ağır ət və xəmir xörəklərindən çox miqdarda istifadə etmək qətiyyən olmaz. Yağlılığı daha az olan qidalanma orqanizm üçün heç bir təhlükə törətmir".
 
"Ramazanda iftar süfrələrinə qoyulan qidaların kalorili, insan sağlamlığı üçün lazımlı qida elementlərini özündə birləşdirən, vitamin və minerallarla zəngin olması vacibdir" deyən mütəxəssis qeyd edib ki, xüsusilə quru paxlalı, tərəvəz və ya qatıqla hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək sağlamlıq baxımından daha yararlıdır. İftarda kefir və qatıq qəbulu həzmdə yaranan çətinliyi aradan qaldırır. Yağsız qırmızı ət, toyuq, balıq, quru paxlalılar, yumurtadan da istifadə məsləhətdir. Çörək və taxıl məhsullarına gəlincə, tam dənəli taxıldan hazırlanan çörəklər, çovdar, kəpək, yulaf  xeyirlidir: "Uzun müddət ac qalınırsa, orqanizmdə həzm sisteminin pozulması ilə əlaqədar qəbizlik yarana bilir. Orqanizm adət etdiyi rejimi dəyişir. Oruclu insanların hərəkət etməyi də olduqca gərəklidir. Amma bunu da faydalı şəkildə etsək, məsləhətlidir. Günün qızmar vaxtlarında çox gəzmək suya tələbatı artırır, o üzdən günün kölgəli saatlarında mütləq gəzmək lazımdır. Çərəzlərdən qaysı və gavalı qurusuna önəm vermək lazımdır".
 
Mütəxəssis oruc sayəsində qaraciyər, mədə və həzm sisteminin istirahət etdiyini, bədənin toksinlərdən təmizləndiyini deyir. Ramazan ayında da sağlam və problemsiz həyat sürmək istəyənlər mütləq sahura qalxmalı və nahar etməlidirlər. Sahura qalxmadan oruc tutmaq ac qalma müddəti çoxaldığı üçün halsızlıq, baş ağrısı, yorğunluq, təzyiqin və qan şəkərinin düşməsi, depressiya, yaddaş zəifliyi, unutqanlıq yaradır, günün səmərəsiz keçməsinə səbəb olur.
 
İftar və imsak vaxtlarında çoxlu su içilməli, imsak yeməyi tamamlandıqdan sonra mütləq dil və dişləri təmizləmək, mümkünsə, ağız yaxalayıcısı ilə qarqara eləmək lazımdır. Bu məsələdə həssas olanlar üçün satışda tərkibində alkoqol olmayan qarqaralar var. Ramazanda yaranan ağız quruluğunun qarşısını almaq üçün həkimlər flüorlu diş pastası və qarqara işlətməyi məsləhət görürlər.
 
Hər gün 45-60 dəqiqə yerimək orqanizminizin müqavimətini artıracaq, özünüzü daha güclü və gümrah hiss edəcəksiniz.
 
Allah oruc və dualarınızı qəbul etsin!

[video=| ]