Azərbaycana birdəfəlik giriş və ölkədən tranzit marşrutu üçün tələb olunan vizalara görə ödənilən dövlət rüsumu endirilir, bununla bağlı bir sıra tələblər ləğv edilərək qaydalarda dəyişikliklər edilir.
Milli Məclisdən Unikal.org-a verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər təklif edilir.
Qanunun 16.1.6-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən "birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün" nəzərdə tutulan 50 ABŞ dolları dövlət rüsumu 20 ABŞ dollarına endirilir. Eyni zamanda maddəyə "tranzit vizalarının rəsmiləşdirilməsi üçün" ifadəsi də əlavə edilərək bunun üçün də 20 ABŞ dolları dövlət rüsumu müəyyənləşdirilir.
Bununla əlaqədar olaraq qanunun 16.1.8 (Turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün 20 dollar), 16.1.9 (tranzit vizalarının rəsmiləşdirilməsi üçün 20 dollar), 16.1.9.1 (birdəfəlik tranzit vizası 40 dollar) və 16.1.9.2 (ikidəfəlik tranzit vizası 40 dollar) maddələri ləğv edilir.
Burada göstərilən tələblər maddə 16.1.6-nın yeni tələblərində cəmləşdirilir.
Maddəyə əlavə edilən "Qeyd" hissəsində isə izah edilir ki, "Dəyişikliklərin məqsədi Azərbaycan respublikasına əcnəbilərin turizm məqsədi üçün gəlməsini asanlaşdırmaq, ölkəmizin ərazisini tranzit daşımaları üçün əlverişli etmək və xarici ölkə vətəndaşlarının tranzit nöqtəsi kimi seçməkdə marağını gücləndirməkdir".
Layihə Milli Məclisin xüsusi növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.