Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Xüsusi Təyinatlı Mərkəzinin keçmiş rəis müavini, daha əvvəl "Vımpel" xüsusi təyinatlı dəstəsinə komandanlıq etmiş general Vladimir Podolskinin adı dələduzluqla bağlı cinayət işində hallanır.
Unikal.org APA-ya istinadən bildirir ki, bu barədə "Kommersant" qəzeti yazıb. Yazıda bildirilir ki, Rusiya İstintaq Komitəsinin Hərbi İistintaq İdarəsi hazırda "Rusiya Federasiyasının sənaye obyektlərinin mühafizəsi" şirkətinin baş direktoru vəzifəsini icra edən generala qarşı "xüsusilə böyük həcmdə dələduzluq", "silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi" maddələri ilə ittiham irəli sürüb.
İstintaq hesab edir ki, general rəhbərlik etdiyi şirkətə saxta işədüzəltmələrlə məşğul olub. Araşdırma zamanı aylıq maaş alan və şirkətin işçisi kimi göstərilən onlarla "ölü can" aşkarlanıb. Bununla yanaşı, axtarış zamanı Vladimir Podolskinun üzərindən sənədsiz silah və güllələr aşkar edilib.
İstintaq V. Podolskinin istintaq təcridxanasına salınması ilə bağlı vəsatət qaldırsa da, Moskva Qarnizon Məhkəməsi ev dustaqlığı hökmü ilə kifayətlənib. Bu il iyunun 1-də istintaq ev dustaqlığının daha 2 ay uzadılması barədə müraciət etsə də, Podolski ölkədən çıxmamaq şərtilə azadlığa buraxılıb.