Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəkilləri məhkəməyə ərizə ilə müraciət ediblər. Onlar bildiriblər ki, ötən prosesdən çıxan zaman Xalidə İsgəndərovanın qızı Əmanə və qardaşı İlyas ölümlə təhdid edilib və Xalidə İsgəndərovanın əleyhinə ifadə verilmək təklif edilib.

Hakim bildirib ki, bu hadisə məhkəmədən kənarda olduğu üçün bununla bağlı bir şey edə bilməzlər. O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb.
 
Prosesdə Xalidə İsgəndərovanın qızı Bülbül İsgəndərova ifadəsini davam etdirib. O, məhkəməyə ərizə təqdim edib. Ərizəsində keçən proses verdiyi ifadəni bibisinin təzyiqi altında verdiyini və atasının anası tərəfindən öldürülmədiyini deyib: "Bibim atam öləndən sonra məni təzyiq edirdi. Əlində mağazadan oğurluq etdiyimlə bağlı videogörüntülər  vardı. Onla məni şantaj edirdi ki, səni də tutduracağam. Məni məcbur edirdi ki, anamın ələhinə ifadə verim. Axı anam atamı öldürməyib. Bibim təzyiq edirdi ki, məni vərəsəlikdən çıxartdıracaq, bacımı da tutduracaq. Mən qorxurdum. 8 ay ərzində anamın əleyhinə ifadə verməmişdim. Təzyiq oldu verdim. Dedi ki, atanın bütün mülki sənə qalacaq. Bibim şeytandır, yazıq anamı o şərləyib. Əlində videoları bəhanə edir".
 
Hakim Əfqan Hacıyev ona deyib ki, məhkəmə oyun-oyuncaq deyil: "Yalan ifadə verməyə görə məsuliyyətə cəlb edilə bilərsən. Sən gündə gəlib bir söz danışırsan burda. Bibingildə qalanda onların xeyrinə, bu yana keçəndə bu cür danışırsan"
 
Bülbül İsgəndərova bildirib ki, indi danışdıqları həqiqəti əks etdirir: "İstəyirəm hər şeyi düz danışam. Anam tutulandan sonra müstəntiq tərəfindən də təzyiqlər olub. Bilirəm ki, qatil anam deyil. Bibimlə münasibətlər pisiydi. Hər zaman anamın axırına çıxmaq istəyirdi. Dünən axşam evdə mənə təzyiq göstərdi ki, sabah Xalidənin işini bitiririk. Mənə anam və bacım lazımdır. Mən indi heç nədən qorxmuram. Anam və bacımın yanında qalacam. Sizdən xahiş edirəm, mənim pal-paltarımı, əşyalarımı bibimgildən götürüb mənə verəsiniz. Bilirəm ki, o, verməyəcək. Atama məxsus ev vardı, onu da satıb, dalına keçib".
 
Prosesdə şahid qismində İradə Baxışova ifadə verib. O, ifadəsində ölən Füzuli İsgəndərovanın yaxın sirdaşı, dostu olduğunu deyib: "Biz tez-tez görüşürdük. Şəhərdə gəzişirdik. Bütün sirlərini mənə deyirdi. Arvadının nə qədər şeytan adam olduğunu, qızları olmasa, bir dəqiqə belə onunla evli qalmayacağını deyirdi. Bacısı Cəmilənin də ona pul borclu olduğunu və qaytarmadığından gileylənirdi. Mən Füzulinin Qarayevdəki evində olmuşam. Füzuli toylarda, mərasimlərdə mənə paltar alırdı".
 
İradə Baxışovadan sonra şahid qismində Füzuli Ələkbərovanın bacısı Cəmilə Süleymanova ifadə verib. O, ifadəsində qardaşının öldürüldüyü gündən danışıb: "Ümumiyyətlə demək lazımdır ki, qardaşım bu arvadla heç zaman yola getmirdi. Bunun sakit durmağına baxmayın, bilirsiniz nədir?! Qardaşımı bu öldürüb. Heç zaman qardaşıma layiq qadın olmayıb. Çox aqressiv adamdı. Dəfələrlə qardaşımı ölümlə təhdid edib. Məni də bir neçə dəfə döyüb. Yaşda bundan böyük olsam da, hər zaman ondan qorxmuşam. 2003-2012-ci illərdə qonşu olmuşuq. Hər gün məni təhdid edib, onun əlindən qaçmışam. Hadisə olan günü Əmanə oğlum Orxana zəng edib, atasının vurulduğunu dedi. Ora çatanda qardaşımın yerdə uzandığını, xirtdəyinin kəsildiyini gördüm. Özümdən getdim. Tez xəstəxanaya apardıq. Həkim orda bildirdi ki, artıq bir neçə saatdır Füzuli keçinib".
 
C. Süleymanova Bülbüllə olan münasibətdən də söz açıb: "Bülbül atasının ölümündən bir neçə ay sonra zəng edib, məni mağazaya çağırdı. Getdim ki, oğurluq etdiyi üçün tutublar. Orda pulu verdim. Dedim, atanın ruhuna ayıb deyilmi? Qanı qalıb yerdə. Video görüntünü mağazadan aldım ki, sonra sübut edim, deməsinlər bibisi öyrədib. Orda Bülbül dedi ki, atamı anam öldürüb. Mən ona heç zaman təzyiq eləmişəm. Heç kim qəbul eləmirdi. Yazığım gəldi ki, qardaşımın balasıdır, ortada qalmasın. Evimdə saxladım. Pulunu parasını verirdim. Mən ona heç vaxt təzyiq eləmişəm. Ərim də Füzulinin yanında tikinti işləri görürdü. Bəzi obyektlər bizim adımıza olsa da, onun idi. Füzuli əvvəllər bəzi pulları mənə verirdi, sonra gəlib alırdı. Sonra pulun hamısını banka qoydu".
 
Qeyd edək ki, qətl 2014-cü ildə Xətai rayonunda qeydə alınıb. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı mənzilində öldürülüb. Hüquq Mühafizə mərhumun həyat yoldaşı Xalidə İsgəndərovanı qətldə şübhəli şəxs qismində saxlayıb.
 
Onu da qeyd edək ki, F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.