Xəbər verdiyimiz kimi, bu gün Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma ilə məşğul olan "Xalıq Faiqoğlu" şirkətinə məxsus 18, 96, 16 nömrəli marşrut xətlərinin bağlanması barədə qərar verib.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, qərarda göstərilir ki, buna səbəb sözügedən marşrut xətlərinin Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməməsi, həmçinin təkrarlanan marşrut xətləri olması ilə bağlıdır.
Qərardan narazı qalan "Xalıq Faiqoğlu" şirkəti isə "Qafqazinfo" ya müraciət edərək Bakı Nəqliyyat Agentliyinin və "Baku Bus"un ünvanına bir sıra ciddi ittihamlarla çıxış edib. Şirkətin media üzrə əlaqələndiricisi Füzuli Sadıqov ittihamları göndərdiyi sənədlərlə də əsaslandırıb.
F. Sadıqov iddia edir ki, Bakı Nəqliyyat Agentliyi şirkətə qarşı xüsusi qərəz nümayiş etdirir, onlara heç bir xəbərdarlıq etmədən xəttlərini sıradan çıxarır, yüzlərlə işçini işsiz qoyur, bilərəkdən "BakuBus" MMC-nin xətlərini "Xalıq Faiqoğlu" şirkətinin xəttləri ilə üst-üstə salır: ""Xalıq Faiqoğlu" şirkəti 2001- ci ildən etibarən paytaxtda sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. İstər xətt, istərsə də avtobusların sayına görə hazırda "Baku Bus"la paralel ən böyük şirkətlərdən biriyik. Marşrutlar əsasən 2012, 2013- cü il istehsalı olan "Daewoo" markalı avtobuslardır. Dövlətin sifarişi ilə ölkəyə gətirilib.
Bundan əlavə, şirkət özü bankdan cəlb etdiyi kredit vəsaiti hesabına Türkiyənin "İsuzu" şirkətindən 200 avtobus alınması üçün müqavilə imzalayıb. Avtobusların bir hissəsi Bakı şəhərinə gətirilib. Şirkətdə 1000- nəfərə yaxın işçi çalışır. Şirkətin avtobus parkı var. Həmin parkı standartlara cavab verən formada təmir edilib.
İndi yenicə yaradılan "Baku Bus" və Bakı Nəqliyyat Agentliyi fəaliyyətimizə ciddi maneə yaradır. Bizim üçün də maraqlı idi ki, bu şirkət yaradılsın və sağlam rəqabət olsun. Bakı Nəqliyyat Agentliyin fəaliyyəti Bakı şəhərində sərnişindaşıma və taksi fəaliyyətinin tənzimlənməsi ilə əlaqədardır. Ancaq agentlik bu gün faktiki olaraq "BakuBus"un işini görməklə məşğuldur.
Fransanın "Sistra" şirkətinə dövlət tərəfindən böyük həcmdə vəsait ayrılıb ki, "BakuBus" üçün xəttlər çəksinlər. Ancaq "BakuBus"ın direktoru Nəcəf Məlikov bizim şirkətin xəttlərinə göz dikib. Onun yaşadığı evin yanında bizim şirkətin 18 nömrəli xətti fəaliyyət göstərir. Gördü ki, bu xətt yaxşı işləyir, buna görə də "BakuBus"ın 7 nömrəli xəttini bizim xəttin üstünə saldı. Halbuki, bu, heç bir məntiqə sığmır, hüquqi dövlətlərdə belə hadisələr olmur.
Son vaxtlar ölkə başçısı sahibkarlığın inkişafına ciddi dəstək göstərir. Onların xeyrinə bir sıra müsbət qərarlar verir. Cənab prezident Vüsal Kərimlini Bakı Nəqliyyat Agentliyinə ona görə təyin etməyib ki, o sahibkarların işinə mane olsun, ona görə təyin edib ki, paytaxtda sərnişindaşıma fəaliyyətinə yaxşı şəkildə təmin etsin.
Biz də şirkət olaraq vergi ödəyicisiyik. Hər zaman vaxtından əvvəl vergimizi ödəmişik. Düzdür, "Baku Bus" ın avtobusları qəşəngdir, dövlətin çoxlu sayda vəsaiti hesabına alıblar, amma nəqliyyat işini bilmirlər. Ona görə də məcbur olub ki, şirkətimizə heç bir hüquqi sənəd göndərilmədən gecəylə 16, 18, 96 saylı xətlərimizin bağlanması ilə bağlı sərəncam veriblər. Dövlət Yol Polis İdarəsinə məktub göndəriblər ki, bu xəttlər sıradan çıxarılsın.
"BakuBus" və Bakı Nəqliyyat Agentliyinin rəhbərlikləri öz aralarında danışırlar və oyun oynayırlar. Halbuki bu gün şəhərdə diqqət etsəniz görərsiniz ki, vaxtı keçmiş, sınıq sönük nə qədər "Daewoo" markalı avtobuslar, təhlükəli sürən sürücülər var. Onların heç birinə qarşı tədbir görülmür. Durub ən yaxşı şirkətlə mübarizə aparırlar".
Şirkət nümayəndəsi ötən ilin dekabrında "Bakı Kart" sisteminə keçməklə bağlı şirkətə müraciət etdiklərini də xatırladıb: ""Bakı Kart" bizə mart ayında cavab verdi və şirkətlə müqavilə imzaladıq. 400 avtobusa ödəniş terminallarını qurmaq üçün 1 milyon 297 min dollarlıq vəsait ödədik. İlkin mərhələdə 130 avtobusa kart quraşdırılması üçün danışıqlar aparıldı. 18, 79, 85, 61, 65, 96 saylı avtobuslara kart quraşdırılması üçün 421 min dollar bank vasitəsilə ödəniş etmişik. Bənövşəyi avtobusların qapılarına artıq işarələr vurmuşuq. Bir neçə şirkətlə danışmışıq ki, "Baku Bus" kimi sərnişinlərə standart xidmət göstərək".
F. Sadıqov Bakı Nəqliyyat Agentliyinin fəaliyyətlərinə yaratdığı maneəyə görə banklarla problemlərinin yaşandığını qeyd edib: "Şirkətin 20 milyondan artıq krediti var. Kreditlərimizi vaxtlı-vaxtında ödəyirdik. Amma Bakı Nəqliyyat Agentliyinin bizi iflic vəziyyətinə salması şirkəti banklarla üz-üzə qoyub. Ortada isə əziyyət çəkən sərnişinlər və sürücülərdir. 200-ə yaxın sürücü bu gün işsiz qaldı. Onların da ailə üzvləri var. Dünənə kimi nəqliyyatda olmayan şəxslər indi gəlib bu sahəyə əl qoyublar. Agentlik normal, qaydalarla işləsəydi, qərar verməzdən əvvəl bizimlə danışardı.
Başqa xəttlər təklif etməli, yaxud da zaman tanımalı idi. Bu cür hallar inkişaf edən bir dövlətə yaraşmır. Təklif edirlər ki, 18 nömrəli xəttin yerinə 67 saylı xətti bizə versinlər. 67 saylı xəttin rəhbərliyi isə deyir ki, əgər bu olarsa, özünü yandıracaq. Çünki ödəməli olduğu kreditləri var. Onların qorxusundan gecəylə sərəncamı ləğv edib bizim xəttləri bağlayırlar. Biz onlarla mədəni danışdıq deyə, üzüyola olduğumuzu fikirləşirlər və bu cür qərar verirlər .
F. Sadıqov "BakuBus"ın 7 və 14 saylı xətti ilə şirkətin 18, 96 saylı marşrut xətlərinin üst-üstə düşməsi ilə bağlı deyilənləri də təkzib edib. O Fransanın "Sistra" şirkəti tərəfindən 7 və 14 saylı marşrutlar üçün hazırlanmış sxemi də redaksiyamıza göndərib.
Sxemlərdən görünür ki, "BakuBus" üçün verilmiş 7 saylı xətt Azadlıq prospektindən başlamaqla 20-ci sahəyə kimi hərəkət etməlidir. Digər sənəddə isə 2005-ci ildən Xaliq Faiqoğlu MMC-nin istismarında olan 18 saylı xəttin marşrut sxemi əks olunub. "Hal-hazırda 7 saylı "BakuBus" xətti bizim 18 saylı sxem üzrə hərəkət edir. Hətta qeyri-qanuni olduğu üçün bu günədək "BakuBus" və agentlik mətbuata bildirməyib ki, BakuBus MMC-nin yeni xətti açılıb. 18 saylı xəttin son duracağında yəni, Həmzə Babaşov küçəsində "BakuBus" MMC-nin rəhbəri Nəcəf Məlikov yaşayır və öz şəxsi istəyi ilə "BakuBus" avtobuslarını ora salıb. Necə xəttlər üst-üstə düşə bilər ki, 18 saylı marşrut 2005- ci ildən fəaliyyət göstərir, amma 7 saylı marşrut xətti isə bir aydır işləyir.
Eləcə də 96 saylı marşrutla 14 saylı marşrut ayrı-ayı istiqamətlər üzrə hərəkət edir".
"Qafqazinfo" yazıda yer alan ittihamlarla bağlı "Baku Bus" əlaqə saxlasa da, şirkətin mətbuuat xidmətinin rəhbəri suallara cavab verə bilməyəcəyini və məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etməyimizi bildirdi.
Bakı Nəqliyyat Agentliyinin mövqeyini dərc etməyə hazırıq.