Almaniyanın Berlin şəhərində 10-a yaxın ölkə səfirliyinin iştirakı ilə Novruz Bayramı qeyd edilib.

Unikal.org xəbər verir ki, 23 mart 2019-cu il tarixində Berlin Etnologiya Muzeyində baş tutan mərasimdə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan təmsilçiləri öz Novruz adət ənənələrini nümayiş etdiriblər.

Tədbiri giriş sözü ilə açan Etnologiya Muzeyinin direktoru Lars Kox mərasim iştirakçılarını salamlayaraq onları təbrik edib. Etnologiya Muzeyinin Dostları ictimai birliyinin sədri Yoxen Brüninq çıxışında Novruz bayramının qədim tarixi köklərə söykənməsi və onun geniş coğrafi məkanda qeyd olunması barədə məlumat verib. İştirakçı ölkələrdən gəlmiş milli musiqi qruplarının öz proqramları ilə çıxış ediblər.
 
Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının iştirakı ilə ölkəmiz Novruz proqramında milli stendlə çıxış edib və "Təbəssüm" rəqs qrupu ilə təmsil olunub. Qrupun ifasında Azərbaycanın milli rəqsləri tamaşaçılara təqdim olunub. Mindən çox tamaşaçının qatıldığı tədbirdə eyni zamanda iştirakçı ölkələrin milli-mədəni irsi və adət-ənənələrini əks etdirən sərgi nümayiş etdirilib.

Həsən Babayev