Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Astara rayonu, Qamışovka kəndi ərazisində 2 ədəd F-1 əl qumbarasının və tapançanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Unikal.org-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sahil Mühafizəsinin əməkdaşları tərəfindən ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi Sahil Mühafizəsinin əməkdaşları tərəfindən mühafizəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 1 ədəd korroziyaya uğramış tapança aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş obyektlərin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Daha əvvəl Tərtərdə PQ-7 raketinin mühərrik hissəsi aşkarlanıb.