Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ələt qəsəbəsində baş verib. Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu "Shagman" markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı kişi qapalı kəllə-beyin travması, 26 yaşlı qadın isə sol əl və sağ ayağından xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

 Bakı Nəqliyyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qəzaya uğramış sərnişin avtobusu Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müntəzəm marşrut xətlərinə aid deyil.

Unikal.org-un əldə etdiyi məlumata görə, qəzaya uğramış sərnişin avtobusu Gürcüstanın Marneuli şəhərindən Bakıya sərnişindaşıma ilə məşğul imiş.